-
- 29-04-2024, 15:41
- 363
Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI
Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv şəkildə həyata keçirilməsinə imkan verəcək.
News24.az xəbər veir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu güzəştin məqsədi həm fiziki, həm də hüquqi şəxslərin prosesdə iştirakını stimullaşdırmaqdır.
"Bu, həm də tədbir keçirilən müddətdə daha çox xidmətlərin təklif edilməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, əhalinin məşğulluğu baxımından vacibdir. Çünki qeyri-rezidentlərin bu xidmətləri göstərən zaman yaratdıqları iş yerlərində Azərbaycan vətəndaşları çalışacaq. Bu baxımdan, vergi güzəştləri yeni iş yerlərinin açılmasına səbəb olacaq", - deyə deputat əlavə edib.
Qeyd edək ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.