-
- 8-05-2024, 19:20
- 321
Epilepsiya xəstələrinə ŞAD XƏBƏR
Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) epileptik ocaqların aşkar edilməsi, beyindən xaric edilməsi üzrə ağır cərrahi əməliyyat həyata keçirilib.
Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlı, assistent, Neyrocərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Əhmədlinin iştirakı ilə həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Əməliyyat 3 saat davam edib və müsbət nəticə əldə olunub.
Qeyd edilir ki, 16 yaşlı Sayıl Allahverdiyev uzun zaman hər gün çoxsaylı epileptik qıcolma şikayətinin olması səbəbilə Mərkəzə müraciət edib.
İkili yüksək doza antiepileptik dərman içməsinə baxmayaraq, nəticə əldə olunmayıb. Çəkilən MRT müayinəsi zamanı xəstədə sol Mezial temporal skleroz (MTS) aşkarlanıb. EEG müayinəsi ilə diaqnoz təsdiqlənib. Daha sonra xəstəyə cərrahi müdaxilə edilib, əməliyyat baş tutub.
Əlavə edək ki, həyata keçirilən əməliyyat bu günə qədər xaricdə və qismən bəzi özəl tibb müəssisələrində icra olunub.
Epileptik ocaqların aşkar edilməsi və cərrahiyyə ilə xilası yüzlərlə vətəndaş üçün artıq əlçatan olacaq.
Sözügedən ağır və məsuliyyətli əməliyyatı həyata keçirən uzman neyrocərrəh Nicat Bayramlı Referans.az-a danışıb:
"Epilepsiya cərrahiyyəsi uzun yol keçib. Əvvəllər bu xəstələrin cərrahi prosedurası yox idi. Belə xəstələrdə xəstəlik ciddi həyat keyfiyyətinin azalmasına gətirib çıxarırdı və epilepsiya cərrahiyyəsi günümüz üçün yeni bir ümid oldu. Hər epilepsiya xəstəsi əməliyyatlıq deyil. Nevroloqla məsləhətləşərək ağır epilepsiya xəstələri üçün bəzi müalicə və cərrahi seçimlər edilir. Epilepsiya əməliyyatları ən riskli əməliyyatlardır. Dövlət xəstəxanalarında artıq epilepsiyadan əziyyət çəkən xəstələrçün bu əməliyyat bir şansdır".
Neyrocərrah qeyd edir ki, əməliyyatdan sonra epilepsiya xəstələrində qıcolma dərmanları birdən- birə kəsilmir: "Amma, zamanla konrtollu şəkildə qəbul edilən dərmanların dozaları azaldılır. Nevroloq nəzarətındə dərmanlar azaldılaraq kəsilir. Bəzi xəstələrin də olur ki, 3 yüksək doza ilə qəbul edilən dərmanları əməliyyatdan sonra azaldılır, yəni ən aşağı dozada 1 dərmanadək endirilir. Bu da müsbət nəticə deməkdir. Ümumilikdə məqsəd təmamilə epilepsiyadan qurtulmaqdır".
Uzman Nicat Bayramlı əməliyyat etdiyi yeniyetmənin vəziyyəti ilə bağlı danışıb:
"Əməliyyat etdiyimiz yeniyetmənin əməliyyatdan sonra epilepsiya tutması olmadı. Beyin dalğalarını ölçən cihazlarla müşahidələr aparırıq. Dərmanları bir-bir kəsirik və bu müddət aylar sürə bilər. Pasiyent əməliyyat sonrası erkən dönəmlərdə eyni dərmanları hazırda istifadə edir, amma sudurğa keçirməyib. Planda budur ki, həmin dərmanlar azaldılsın. Hədəf tam dərmansız normal həyat sürməkdir".