Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
    • 11-05-2024, 14:40
    • 248

Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

News24.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 11-də keçirilən toplantıda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant Ramiz Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.