Abramyan bilmədən şok sirri açdı: Bu xəritə gizlədilir!
    • 12-05-2024, 12:17
    • 245

Abramyan bilmədən şok sirri açdı: Bu xəritə gizlədilir!


“Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan delimitasiya ilə bağlı 1980-ci illərin topoqrafik materiallarına giriş əldə edib və onları öyrəndiyini iddia edib. 

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb. 

Deputat bildirib ki, o, hərbi topoqrafik xidmətin rəisi ilə görüşüb, indiki delimitasiyanın hansı xəritələr əsasında aparıldığını anlamaq istəyib. 

Abramyan qeyd edib ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədin delimitasiyası və demarkasiyasına dair 1984-88-ci il sənədləri Müdafiə Nazirliyinin sərəncamındadır, lakin indiki delimitasiya prosesində onlardan istifadə edilməyib. 

Onun sözlərinə görə, bu illərə aid materiallar “məxfi” qrifi ilə saxlanılır, buna görə də erməni cəmiyyəti üçün onlar əlçatmazdır: 

“Mənə bu sənədlərin niyə məxfi qaldığı və hansı əsaslarla klassifikasiya edildiyi barədə tutarlı dəlillər təqdim olunmayıb. Təəccüblüdür ki, Ermənistanın indiki sərhədləri qanunla sirr olmasa da, 1988-ci il sərhədləri hələ də möhürlənmiş sirr olaraq qalır. Bu, xüsusilə qəribədir, nəzərə alsaq ki, Paşinyanın fikrincə, bu sənədlər hüquqi qüvvəyə malik deyil”. 

Qeyd edək ki, bir müddət öncə o vaxt Noyemberyan (Barana) polis idarəsinin, 1989-cu ildən Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsi İdarəsinin rəisi olmuş polkovnik Paykar Qalumyan bu mövzuya toxunmuş, 1985-87-ci illərdə delimitasiya işlərinin aparıldığını bildirmiş, 1988-ci ilin 12 yanvarında bununla bağlı sənəd imzalandığını xatırlatmışdı. Qalumyan demişdi ki, bu sənədlə Azərbaycandan 14,5 min hektar ərazi qoparılıb. 

Görünür, Abramyan özü də bilmədən məhz buna toxunmuşdur. Belə ki, Ermənistan MN hazırda həmin xəritə və sənədləri gizlətməklə, Azərbaycandan qoparılan 14,5 min hektar ərazini hallandırmamaq, əvəzində 29,743 kv.km üzərində dayanmaqla istəyinə nail olmağa çalışır.