-
- 14-05-2024, 15:36
- 1 056
Qusarda meşəni vətəndaşlara satanlara CİNAYƏT İŞİ AÇILDI
Qusarda baş vermiş ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu məqsədlə mövcud ekoloji problemlərin aradan qaldırılması, o cümlədən yaşıllıqların qorunması və bərpası naminə genişmiqyaslı işlər görülür.
Kompleks tədbirlərin davamı kimi, bu sahədə yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası daim diqqət mərkəzində saxlanmaqla, təbiətin mühafizəsinin təkmilləşdirilməsi ilə bağlı prioritetlər üzrə dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən birgə fəaliyyət həyata keçirilir.
Belə ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.
Araşdırmalarla, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Cinayət işi nəzarətdə saxlanmaqla görülmüş tədbirlər, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.