-
- 14-05-2024, 21:11
- 188
Evi hazır binadan almaq, yoxsa torpaq alıb tikmək? – “Hansı sərfəlidir?” sualına ekspert cavabları
Azərbaycanda 2023-cü il oktyabrın 1-dən etibarən çıxarışı olmayan torpaq sahələrində tikiləcək fərdi yaşayış evlərinə qaz, su, elektrik enerjisi və digər kommunikasiya xətlərinin çəkilməsi dayandırılıb.
Bu dəyişikliklərdən sonra çıxarışı olan torpaqlara təlabatın artması qiymətlərin bahalaşmasına səbəb olub. Odur ki, vətəndaşlar baha qiymətə torpaq alıb üzərində ev tikməkdənsə hazır binalardan mənzil almağın daha sərfəli olduğunu düşünür.
Maraqlıdır, indiki vəziyyətdə ev sahibi olmağın hansı yolu daha sərfəlidir?
News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, son dəyişiklikdən sonra mənzil bazarında bahalaşma müşahidə olunur:
“Bahalaşmanın səbəbi kimi yeni tikilmiş və çıxarışı olmayan evlərə və qeyri-yaşayış obyektlərinə kommunal xidmətlərin dayandırılımasını göstərmək olar. Buna qədər nisbətən aşağı gəlirli insanlar sənədsiz torpaq üzərində fərdi ev tikərək məskunlaşmağa həvəs göstərirdilərsə, indi bu proses dayanıb. Bu isə bahalaşmanı şərtləndirib”.
Ekspert hesab edir ki, məlum qadağadan sonra vətəndaşların mənzil təminatında ciddi çətinliklər yaranıb:
“Çünki aşağı gəlirli ailə belə torpaqları nisbətən ucuz qiymətə alır və həmin torpaq sahəsində tikinti aparırdı. Bu formada tikinti aparmaq daha sərfəli idi. Adətən əvvəl 1 otaq və sanitar qovşaq hazırlayırdılar, daha sonra isə həmin yarımçıq tikilidə yaşaya-yaşaya tikintini davam etdirirdilər. Amma indi aztəminatlı ailələrin belə bir şansı qalmayıb”.
A.Nəsirov qeyd edib ki, yeni qərardan sonra çıxarışlı torpaqların qiymətlərində də süni bahalaşma müşahidə olunur:
“İndi çıxarışı olan torpaqlar bazara dəyərindən dəfələrlə baha qiymətə təklif edilir. Bunun səbəbi çıxarışlı torpağa təlabatın artmasıdır. Proses belə davam edərsə, yaxın gələcəkdə evsiz insanıların sayının daha da artacağını görəcəyik. Digər problemli məsələ isə indiyə qədər alınmış torpaq sahələrinin taleyidir. Bəs bələdiyyə tərəfindən insanlara satılmış torpaqların taleyi necə olacaq?”
Ekspert deyir ki, Türkiyə bu problemi “Memar əfvi” adlandırılan sənədlə həll edib: “Bununla da bütün sənədsiz evlər və torpaqlar sənədləşdirildi. Bizim ölkəmizdə də analoji əfv sənədi qəbul olunmalıdır”.
Digər müsahibimiz, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Orucun sözlərinə görə, vətəndaşlar indi sənədləşmiş, təhvil-təslim proseslərinin yekunlaşdığı çoxmənzilli binalardan mənzil almağa üstünlük verirlər:
“Hansı variantın ucuz başa gəlməsi isə torpaq sahəsinin yerinin seçilməsindən aslıdır. Bahalı torpaq sahələrində hansısa fərdi yaşayış evi tikilirsə, bu, təbii ki baha başa gələcək. Hazırda tikinti işlərinin aparılması və işçi qüvvəsinin daha da bahalı olması, tikililərin qiymətlərinə də təsir göstərir. Daşınmaz əmlakın bütün seqmentlərində qiymətlərın artım tendensiyasını müşahidə edirik. Yəni, istər mənzil, istərsə də fərdi yaşayış evləri olsun, onların qiymətləri artıma meyllidir”.
Ekspert bildirir ki, son 3 ildə daha ciddi artımlar müşahidə olunur:
“Ona görə də hesad edirəm ki, bu proses seçim məsələsidir. Hazırda istər mənzil, istərsə də fərdi yaşayış evi əldə etmək istəyən şəxslər, əvvəlki illərə nisbətən 20-25 faiz daha çox məbləğ ödəməyə məcbur olurlar. Bakıətrafı rayonlarda torpaq sahəsi alaraq həyət evi tikmək istəyən şəxslərə bu, baha başa gəlməyəcək. Amma tutaq ki, adıçəkilən ərazidə çoxmənzilli binalardan ev almaq üçün daha çox ödməliyik. Bu baxımdan hesab edirəm ki, hansısa ərazidə fərdi yaşayış evi tikmək daha ucuz başa gəlir”.