İsrailə 13 ölkədən birgə xəbərdarlıq
    • 17-05-2024, 22:20
    • 293

İsrailə 13 ölkədən birgə xəbərdarlıq

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, dünyanın 13 aparıcı ölkəsinin xarici işlər nazirləri İsrailin Rəfah əməliyyatı ilə bağlı xəbərdarlıq edən birgə məktub dərc ediblər.

News24.az xəbər verir ki, məktubu G7 ölkələri Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya və Böyük Britaniya, həmçinin Avstraliya, Danimarka, Finlandiya, Hollandiya, Yeni Zelandiya, Cənubi Koreya və İsveç imzalayıb.

ABŞ-ın məktubu imzalamadığı və öz təşəbbüsü ilə İsrail rəsmiləri ilə görüşdüyü bildirilib.

NAZİRLƏRDƏN XƏBƏRDARLIQ

Dörd səhifəlik məktubda 13 ölkənin xarici işlər nazirləri İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququnu dəstəklədiklərini təsdiqləyib. Rəfaha genişmiqyaslı hərbi hücuma qarşı xəbərdarlıq edərək, bunun fələstinli mülki əhali üçün fəlakətli nəticələrə səbəb olacağını vurğulayıblar.

Xarici işlər nazirləri həmçinin açıq şəkildə bildiriblər ki, İsrail hökuməti Qəzza zolağında dağıdıcı və pisləşən humanitar böhranı yumşaltmaq üçün əlindən gələni etməlidir.

Nazirlər İsraildən Fələstin mülki vətəndaşlarına təcili ehtiyac duyulan humanitar yardımı çatdırmaq üçün Rəfah Sərhəd Qapısı da daxil olmaqla bütün keçid məntəqələrini açmağı tələb ediblər.

Məktubda İsrail rəsmilərindən beynəlxalq yardım təşkilatları və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzzaya daxil olmasına icazə vermələri istənilib.

Günel Məlikzadə