-
- 20-05-2024, 21:59
- 368
Sinoptikdən İran prezidentinin helikopterinin qəzaya uğradığı bölgədəki hava ilə bağlı
"İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı ərazidə termal depressiya müşahidə olunub".
Bunu Rusiyanın "Fobos" iqlim araşdırmaları mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib.
"İranın şimal-qərbində hadisənin baş verdiyi ərazidə hava şəraiti çətin idi və termik depressiya ilə xarakterizə olunurdu. Dağ zirvələri, təpələr və keçidlər buludlarla örtülmüşdü və bəzi yerlərdə buludlar yerə enirdi. Güclü yağışlar yağır və ildırımlar çaxırdı. Buludların daxilində təlatüm, elektrikləşmə və 3,5 kilometrdən yuxarıda buzlaşma müşahidə olunurdu", - deyə Tişkovets izah edib.
Onun sözlərinə görə, yağıntılar zamanı görünüş bir-üç kilometrə qədər, buludların içində isə bir neçə yüz və ya onlarla metrə qədər azalır. Küləyin sürəti saniyədə 10-15 metrə, dağlıq ərazilərdə isə saniyədə 21 metrə çatıb.
Meteoroloq əlavə edib ki, dağlıq ərazilərdə belə hava şəraitində uçuşlar qadağandır.
"Bu, helikopterin idarə olunmasını, uçuş yüksəkliyini saxlamağı çətinləşdirir, təlatüm yaradır, helikopterin korpusuna təzyiqi artırır və dağla toqquşma təhlükəsi yaranır. Buna görə də, bu mürəkkəb hava şəraiti İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasının birbaşa və ya dolayısı ilə səbəbi ola bilər", - deyə Tişkovets yekunlaşdırıb.//musavat