Alzheimer xəstələrinin beyin hüceyrələri niyə ölür? - SİRLƏR AÇILIR
    • 15-09-2023, 17:47
    • 292

Alzheimer xəstələrinin beyin hüceyrələri niyə ölür? - SİRLƏR AÇILIR

İngiltərə və Belçika alimləri tərəfindən aparılan yeni araşdırma, Alzheimer xəstələrinin beyin hüceyrələrinin ölüm səbəblərinə aydınlıq gətirib.

News24.az xəbər verir ki,  bu barədə “Science” jurnalında qeyd olunub.

Dərc  edilən araşdırma xəstələrin beynində anormal şəkildə yığılmağa başlayan zülallarla “nekroptoz” adlanan hüceyrə intiharı prosesi arasında əlaqə qurur. Yaddaş itkisi kimi Alzheimer xəstəliyinin əsas əlamətləri neyron adlanan sinir hüceyrələrinin itirilməsi nəticəsində yaranır.


Normal şəraitdə bədənimiz nekroptoz yolu ilə arzuolunmaz hüceyrələri məhv edir və yeni hüceyrələr üçün yer açır.

Xəstə insanların beyninə diqqətlə baxdıqda amiloid və tau adlı zülalların anormal şəkildə yığılmağa başladığının şahidi oluruq.

Lakin bu zülallarla xəstəliyin əsas əlamətləri arasında əlaqə daha əvvəl tapılmayıb.

İngiltərənin Londondakı Universitet Kolleci və Belçikanın KU Luven Universiteti ilə əlaqəli Böyük Britaniya Demans Tədqiqat İnstitutunun tədqiqatçıları bildiriblər ki, bu əlaqəni ortaya çıxarıblar.


Onların tapıntılarına görə, Alzheimer xəstələrinin beyinlərindəki neyronlar arasında anormal miqdarda amiloid lövhələri və tau dolaşıqları əmələ gəlir. Bu beyin ödeminə səbəb olur. Ödem neyronlardakı kimyəvi tarazlığı pozur.

Lövhələrin və dolaşıqların meydana gəlməsi ilə beyin hüceyrələri MEG3 adlı xüsusi bir molekul istehsal edir. MEG3 molekulu nekroptozu, yəni hüceyrə intiharını tətiklədiyi üçün bu prosesdə əsas rol oynayır.

Alimlər müəyyən ediblər ki, MEG3 sıxışdırıldıqda və ya onun siqnalları bloklandıqda hüceyrələrin intiharı dayandırılır.


Ayşən