Yeni Kaledoniyada üsyan
    • 27-05-2024, 22:40
    • 213

Yeni Kaledoniyada üsyan

Fransa bu yaxınlarda Hind-Sakit Okeandakı Fransız müstəmləkəsi olan Yeni Kaledoniyada konstitusiya islahatı təşəbbüsünə yaşıl işıq yandırıb və bu, fransız köçkünləri seçici kimi qəbul edərək yerli əhalini azlığa çevirib.

News24.az xəbər verir ki, Yeni Kaledoniyanın yerli əhalisi olan Kanaks, Fransa hökumətinin konstitusiya islahatları təşəbbüsünü 1998-ci ildə imzalanan və adada müstəqillik prosesi üçün vacib olan Noumea müqaviləsinə zidd hesab edir.

Paris bu qanun layihəsi ilə ən azı 10 ildir adada yaşayan fransızların yerli seçkilərdə səs verməsinin yolunu açmaq istəyir.

Bu o deməkdir ki, adada seçici siyahılarında təxminən 25 min əlavə adam qeydə alınacaq.

Qeyd edək ki, 17 min kilometr uzaqlıqdakı Parisdən onlara tətbiq edilən bu islahatın adanın müstəqillik prosesini pozacağından narahat olan müstəqillik tərəfdarları mayın 13-dən etibarən hərəkətə keçib.

Fransa hökuməti adanın müxtəlif yerlərində, xüsusilə də paytaxt Numeada öz hüquqlarını tələb edən müstəqillik tərəfdarlarına qarşı əməliyyat keçirmək üçün bölgəyə polis və jandarm göndərib.

Fransanın baş naziri Qabriel Attal mayın 15-də TikTok sosial media platformasının qadağan edildiyini və adada 12 günlük fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Lakin Fransa hökumətinin adada məhdudlaşdırıcı tədbirləri müxalif siyasətçilərin və müstəqillik tərəfdarlarının reaksiyasına səbəb olub.

Günel Məlikzadə