-
- 30-05-2024, 11:07
- 811
“AZƏRİŞIQ” yenidənqurma işlərini davam etdirir - VİDEO
Cənab prezident İlham Əliyevin regionlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair Tədbirlər Planına əsasən “Azərişıq” ASC bütün rayon və kəndlərdə elektrik təsərrüfatını yeniləyir. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan rayonlarda da elektrik şəbəkəsi yenidən qurulur.
News24.az xəbər verir ki, hazırda yenidənqurma işləri Cəlilabadda Günəşli və Axtaxana kəndlərində davam etdirilir.
Zərbiəli kəndində isə işlər tamamlanmaq üzrədir. Həmin kəndlərdə 0.4 və 10 kV-luq yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, köhnə güc mərkəzləri yeni KTM-lərlə əvəz edilir. Həmçinin, Biləsuvar rayonunun şəhər mərkəzi, Əsgərabad və Aşağı Cürəli kəndlərində, Masallı rayonunun 4 kəndində – Şərəfə, Ağakişibəyli, Babaser, Köhnə Alvadı kəndlərində elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun ən böyük kəndlərindən biri olan Ərkivan kəndində də yenidənqurma işlərinə start verilib.
1200 abonentin yaşadığı Astaranın Şiyəkəran kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar tamamilə yenilənir. Həmçinin, Astaranın Çayoba, Lerikin Zövnə və Züvüc kəndlərinin elektrik təsərrüfatları yenidən qurulur. Yardımlının Perimbel kəndinin elektrik şəbəkəsi artıq tam yenidən qurularaq sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
“Azərişıq” ASC ölkənin bütün regionlarında, bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir. Yenidənqurma işləri abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.