Sürücülük vəsiqəsinin verilməsi qaydası DƏYİŞİR? – Mühüm AÇIQLAMA
    • 30-05-2024, 11:50
    • 260

Sürücülük vəsiqəsinin verilməsi qaydası DƏYİŞİR? – Mühüm AÇIQLAMA

Sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məsələsi yenidən aktuallaşıb. 

Müzakirənin məğzi odur ki, sözügedən hal reallaşsa, hər vətəndaş vəsiqə ala bilməyəcək. Çünki onlar imtahanı keçmək üçün yol hərəkəti qaydalarını öyrənməyə məcbur olacaqlar. Belə olduğu təqdirdə DİM-dən sürücülük vəsiqəsi almaq üçün alternativ variant da olmayacaq.

Bəs bu yanaşma nə dərəcə məntiqlidir?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı danışıb.

Ekspert məsələni belə təhlil edib:

“Sözügedən imtahan 2 mərhələdən ibarətdir. Birinci mərhələ test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə keçirilmir. DYP tərəfindən həyata keçirilən sürücülük vəsiqəsi imtahanlarına kifayət qədər kənar müdaxilələr mövcuddur. Bunun nəticəsidir ki, yol-nəqliyyat hadisələri artmaqda davam edir. Ona görə də sürücülük vəsiqəsinin verilməsi qaydası dəyişməlidir. 

Bu məsələdə kompleks dəyişiklik edilməlidir. DİM sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanların test mərhələsini keçirə bilər. “Yol hərəkəti haqqında” qanunu əzbərləmək və 10 suala cavab verməklə proses bitmiş hesab olunur.

Hər gün yollarda avtomobil idarə etməyin sükanı tutmaqdan ibarət olduğunu düşünən, sürücülük vəsiqəsini əyri yollarla alan çox sayda sürücü görürük”.  

Ekspertin fikrincə, prosesin bilik deyil, bacarıq hissəsi yoxlanılmalıdır:

“DİM-in təqdim etdiyi test tapşırıqları imtahan iştirakçılarının yalnız biliyini yoxlaya bilər. Bacarıqların yoxlanılması isə tamamilə fərqli situasiyadır. Problem imtahanda deyil, bacarıqların yoxlanılmasındadır. Bu fonda yol hərəkəti qaydalarının ən az pozulduğu ölkələrin təcrübəsini tətbiq etməliyik. Məsələ təkcə qanunu əzbərləmək deyil. Çətin situasiyalardan çıxmaq, ilkin tibbi yardım göstərmək bacarığı kimi kompetensiyalar da yoxlanılmalıdır. 

Bir məqamı da xüsusi ilə qeyd edim ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin DİM-ə verilməsi o qədər də əhəmiyyətli bir məsələ deyil. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır”.   / Bizim.Media