İnsan orqanizmində yeni həyat forması tapılıb
    • Bu gün, 06:30
    • 444

İnsan orqanizmində yeni həyat forması tapılıb


Stanford Universitetinin alimləri insan orqanizmində əvvəllər elmə məlum olmayan və özünü təşkil etmək qabiliyyətinə malik virusabənzər strukturlar kəşf ediblər.

News24.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell" jurnalında dərc olunub.

Bu strukturlar Yer kürəsi əhalisinin təxminən yarısının ağız boşluğunda mövcuddur.

Yeni formalar "obelisklər" adlandırılıb. Onlar genetik materialın kiçik halqavari hissələridir və unikal şəkildə özlərini çubuq formasında təşkil edə bilirlər. "Obelisklər" insan orqanizmində yaşayan bakteriyaların daxilində bir ilədək mövcud ola bilirlər.

Kəşf, genetik məlumatların analizində məlum həyat formalarından kənarlaşmalar axtarılarkən ortaya çıxıb. Alimlər bu strukturların genomlarında, bitkilərə zərər verən viruslara bənzər RNT döngələri aşkar ediblər. Bu, gözlənilməz nəticədir, çünki bu cür strukturlar daha əvvəl insanla əlaqəli bakteriyalarda müşahidə olunmayıb.

"Obelisklər"in yayılma mexanizmi hələlik məlum deyil. Alimlər onların bakteriya hüceyrələrinə virus infeksiyasına bənzər bir şəkildə daxil ola biləcəyini ehtimal edirlər. Araşdırmalar göstərir ki, "obelisklər" Yer əhalisinin yarısının ağız boşluğunda, 7%-nin isə bağırsaqlarında mövcuddur.

Hazırda bu strukturların insan sağlamlığına təsiri naməlum olaraq qalır. Alimlər "obelisklər"in insan orqanizminə ciddi təsir göstərməyən "evolyusiya yoldaşı" ola biləcəyini düşünürlər, lakin onların Yer üzündə bioloji müxtəlifliyin inkişafında mühüm rol oynaya biləcəyini də istisna etmirlər.

Xatırladaq ki, daha əvvəl alimlər antibiotiklərə qarşı davamlı superbakteriyaların müdafiəsində yeni bir zəif nöqtə tapmışdılar.