-
- 31-05-2024, 16:36
- 439
Kredit götürən ölərsə, ailəsi bu halda borcu ödəmir - Yeni qaydalar AÇIQLANDI
Mərkəzi Bank həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirib.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, bankın yeni qərarını şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə bu addım kredit risklərinin azalmasına xidmət edəcək. O bildirib ki, yeni qaydalara görə istehlak kreditləri təqdim edilən zaman onlara ölüm və əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı sığorta müqaviləsinin də bağlanması təklif olunacaq:
“Mövcud qaydalara əsasən, kredit götürən dünyasını dəyişərsə, krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdı. Bu qayda əksər hallarda ailə üzvləri üçün arzuedilməyən əlavə maliyyə yükü yaradır. Yeni qaydalar isə kredit götürənə həyatını sığortalamaq imkanı verir. Bu halda borcalan dünyasını dəyişəndə onun vərəsələri öhdəlikdən azad olacaq”.
Millət vəkili deyib ki, kredit götürən zaman sığorta müqaviləsinin bağlanması şəffaflığın gücləndirilməsinə xidmət edəcək.
V.Bayramov hesab edir ki, sığorta müqavilələrinin olması riskləri azaltdığından bu, kredit faizlərinin azalmasına da təsir edəcək.