-
- 31-05-2024, 16:40
- 552
Azərbaycanda bu rayonların deputatı YOXDUR - SİYAHI
Azərbaycanda 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin tarixinin əvvələ çəkiləcəyi gözlənilir. Məlumata görə, önümüzdəki bir neçə ay ərzində ölkədə parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinin keçiriləcəyi tarix KİV-də yayıldıqca hazırda Azərbaycanda boş qalan ərazilərin deputatları da gündəmə gəlir.
News24.az hazırda deputatı olmayan Azərbaycan Respublikasının ərazilərini və həmin bölgələrin deputatsız qalma səbəbini araşdırıb.
Ötən ay Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Məclisin deputatı Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Beləliklə onun deputat mandatına xitaml verilib. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.
Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır. Bu təyinatdan sonra Milli Məclisdə deputatların sayı daha bir nəfər azalaraq 115-ə düşüb. Hazırda ölkə üzrə 10 seçki dairəsinin Milli Məclisdə təmsilçisi yoxdur.
2020-ci ildə növbədənkənar seçkilər zamanı 4 dairənin nəticələri ləğv edilib: 33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov, 35 saylı Xətai üçüncü seçki dairəsi - Rauf Arifoğlu, 74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli, 80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadə
Xatırladaq ki, 2021-ci ildə 55 saylı Xaçmaz seçki dairəsindən deputat Eldəniz Səlimov restoranda polisi döydükdən sonra deputat mandatından məhrum edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
2022-ci ildə Abşeron-Qobustan seçki dairəsinin deputat Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilərək deputat mandatından imtina edib. 2020-ci ildə Fəttah Heydərov, 2023-cü ildə isə Madər Musayev, Qənirə Paşayeva vəfat edib.
Beləliklə, ölkə üzrə 10 seçki dairəsinin Milli Məclisdə təmsilçisi yoxdur. Bunlar 10 saylı Binəqədi üçüncü seçki dairəsi, 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 50 saylı Abşeron-Qobustan seçki dairəsi, 55 saylı Xaçmaz şəhər seçki dairəsi, 64 saylı Sabirabad ikinci seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsi,105 saylı Tovuz seçki dairəsi , 116 saylı Qəbələ seçki dairəsidir.
Qeyd edək ki, VI çağırış Milli Məclis növbədənkənar parlament seçkisinin nəticəsi ilə formalaşıb. Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralın 9-da keçirilib.
Konstitusiyaya əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlamentin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Aqil Qarayev