-
- 3-06-2024, 22:55
- 253
Fazil Mustafaya sui-qəsd planı necə hazırlanıb? — MƏHKƏMƏ
Ötən ilin martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşad Əsgərovun Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində vəkilinin iştirakı ilə müstəntiqə verdiyi ifadəsinin video çəkilişi nümayiş olunub.
Elşad Əsgərov həmin video çəkiliş aparılarkən alınan ifadəsini təsdiq edib. O, vəkilinin iştirakı ilə ifadə verdiyini bildirib.
Daha sonra digər təqsirləndirilən Səbuhi Şirinovun ifadəsinin hadisə yerində yoxlanılması video çəkilişi nümayiş edilib.
Məhkəmədə hakim Elnur Nuriyev bildirib ki, həmin video çəkiliş protokola uyğundur.
Elşad Əsgərovun da hadisə yerində ifadəsinin yoxlanılması video çəkilişi olduğu bildirilib.
Daha sonra Rəşad Əhmədovun üzərinə keçirilən baxış zamanı aparılan video çəkiliş nümayiş olunub.
Bundan sonra cinayət işində olan ekspertiza rəyləri elan edilib.
Növbəti proses iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.