V Respublika fənn müsabiqəsində 26 438 şagird iştirak edəcək
    • 15-05-2019, 12:13
    • 1 419

V Respublika fənn müsabiqəsində 26 438 şagird iştirak edəcək

Mayın 19-da ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, müsabiqələr fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək. Müsabiqədə iştirak üçün 26 438 şagird qeydiyyatdan keçib. Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqəsi ilk dəfə 2015-ci ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.