V Respublika fənn müsabiqələrinin finalçıları bəlli olub
    • 3-06-2019, 16:41
    • 893

V Respublika fənn müsabiqələrinin finalçıları bəlli olub

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.

News24.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 22 527 iştirakçı şagirddən 491-i biologiya, 507-si fizika, 617-si informatika, 530-u kimya və 2 547-si isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

V Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər fənlər üzrə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən sualları cavablandırıblar. 50 sualın cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər müsabiqənin final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.