Depressiya yaddaş itkisinə səbəb olur
    • 13-06-2024, 23:29
    • 551

Depressiya yaddaş itkisinə səbəb olur

Yeni araşdırma yaşlı insanlarda depressiya ilə yaddaş itkisinin yaxından əlaqəli ola biləcəyini göstərir.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, İngiltərədəki “University College London”un baş tədqiqatçısı Dr. Dorina Kadar depressiya və zəif yaddaş arasındakı əlaqəni belə izah edib:

"Tədqiqatımız göstərir ki, depressiv simptomlar yaddaş itkisindən əvvəl baş verir, eləcə də yaddaşın azalması sonrakı depressiv simptomlarla əlaqələndirilir".

Yeni tapıntılar insanların hər iki ildən bir sorğularla izləndiyi Britaniya Yaşlanma Tədqiqatının məlumatlarının təhlilindən əldə edilib. Bu nümunədə orta yaşı 64 olan təxminən 8 300 şəxsin 16 illik məlumatları təhlil edilib.

Alimlər depressiyanın zamanla yaddaşa təsir göstərməsinin təəccüblü olmadığını söyləyirlər.

“Depressiya yaddaşın formalaşması və bərpası üçün vacib olan hipokampus kimi beyin strukturlarında dəyişikliklərə səbəb ola bilər. Xroniki stress və depressiya ilə əlaqəli olan yüksək səviyyəli (stress hormonu) kortizol bu bölgələrdəki neyronlara zərər verir”, - deyə Dr. Dorina Kadar qeyd edib.

Tədqiqatçılar, həmçinin hesab edirlər ki, depressiya beyində serotonin və dofamin balansını pozur; beynin həyati əlaqələri bərpa etmək və yenidən təşkil etmək qabiliyyətini azaldır.

Yaddaş problemləri depressiya zamanı müşahidə edilən “fikrə getmək” (müəyyən şeylər haqqında dəfələrlə düşünmək və ya mənfi emosiyalar üzərində dayanmaq) meyli ilə də əlaqələndirilə bilər.

Tədqiqat qrupu yaddaş pozğunluqları ilə mübarizə aparan insanlarda isə etibarsızlıq, məyusluq kimi emosiyaların depressiv epizodlara səbəb ola biləcəyini nəzərə çatdırır.

Yaddaş problemləri həm də sosial izolyasiyaya səbəb ola bilər. Belə insan isə bir müddət sonra depressiyaya düşür.

Araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.