Bakıda jurnalist intihara cəhd etdi – MÜRACİƏT - FOTO
    • 16-05-2019, 12:34
    • 1 542

Bakıda jurnalist intihara cəhd etdi – MÜRACİƏT - FOTO

Bir müddət əvvəl dələduzluq əməlinə görə barəsində cinayət işi açılan və məhkəmənin hökmü ilə təqsirli bilinərək barəsində qəti-mkan tədbiri seçilən jurnalist Həşimova Səbinə İsmayıl qızı Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən və Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni dələduzluq-təkrar törədildikdə maddəsi ilə məhkum edilmiş telejurnalist işin yenidən araşdırılmasını və onun üzərindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq. Məlumata görə, jurnalistinin işində 2 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar Göyüşov Mehriban Poladxan qızı və Məmmədov Əli Xəlil oğludur.

Qeyd edək ki, bir müddət əvvəl Səbinə Həşimova özünü öldürməyə cəhd edib. Özünə qəsd edən Səbinə çoxlu həb içib. O, anasının şəkər üçün istifadə etdiyi dərmanları qəbul edib.

Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas etmək mümkün olub.

Özünü öldürmək istəyən jurnalist dünən sosial şəbəkədə KİV-nə müraciət paylaşıb. Onun yazdığına görə, müstəqil işini qurmaq üçün faizlə 1000 manat pul götürüb. Daha sonra xalası qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu tərəfindən həmin faiz borcu bağlanıb: “Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı”.

Ancaq qarşı tərəf onun 18 min manat borclu olduğunu bildirərək polisə müraciət edib.

Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003 cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xezer telekanallarında jurnalist olaraq çalışıb.