-
- 26-06-2024, 19:44
- 690
Kirayə mənzil bazarında son durum: Bu ərazilərdə bahalaşma var
Kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını ifadə edirlər. Şəhərin mərkəzində bir otaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Universitetlərdə tətilin başlaması, tələbələrin Bakıdan rayonlara axın etməsi ilə kirayə mənzillərin qiymətində enmə olacağı gözlənilsə də, bu baş vermədi. Hazırda kirayə mənzil tapmaq olduqca çətin prosesə çevrilib. Kirayə mənzil bazarında nə baş verir? Kirayə evlərin qiymətinə hansı amillər təsir göstərir?
News24.az bildirir ki, teleqraf.com-un suallarını daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov cavablandırıb.
Onun sözlərinə görə, kirayə mənzillərin qiymətinə təsir edən amillər mövsümi xarakter daşıyır:
“Hazırda kirayə bazarında artım yalnız mərkəzdə və bağ evləri zonalarında baş verir. Mərkəzə tələbat sutkalıq evlərə ehtiyacla bağlıdır. Buna səbəb turistlərin çoxalmasıdır. Yay mövsümüdur, bağ evlərinə tələbat çoxdur. Bakıətrafı ərazilərdə aktivlik müşahidə edilir. Bakıda müxtəlif qiymətə bağ evləri var. Qiymətlər tələbata uyğun tənzimlənir. Pandemiyadan sonra kirayə verilən bağ evlərinin sayı 25-30 faiz artdı. Həmçinin evlərin qiyməti də yüksəldi. Təklifin artmasına baxmayaraq, qiymətlər ucuzlaşmadı. Bağ evlərinin dənizə yaxınlığı kimi bir çox amillər qiymətə təsir edir. Hazırda bazardakı evlərin əksəriyyətinin aylıq kirayəsi 2000-9000 manat arasında dəyişir.
Bilgəh , Şüvəlan, Mərdəkan, Nardaran kimi ərazilərə daha çox üstünlük verilir. Qiymətlərdə azalma qeydə alınmır. Qiymət artımı yalnız mövsümi xarakter daşımır. Manatın alıcılıq dəyəri, ölkədəki iqtisadi vəziyyət buna təsir edir. Bu baxımdan hesab edirəm ki, bu yay da qiymətlərin ötən illə müqayisədə 10-15 faiz artması gözlənilir”.
Ekspert də son illər kirayə mənzillərdə azalma müşahidə olunduğunu təsdiqləyib:
“Əsas səbəb Bakı şəhərində pilot layihələr üzrə söküntü işlərinin aparılmasıdır. Ötən illərə qədər tələbələrin yay tətilinin başlaması kirayə mənzil bazarına daha ciddi təsir göstərirdi. Bazarda boş evlərin sayı artır, qiymətlər əvvəlki aylara nisbətdə xeyli ucuzlaşırdı. Amma Bakı şəhərində pilot layihələr üzrə söküntülərə başlandıqdan sonra vəziyyət tamamilə dəyişib. MTK-lar köhnə çoxmənzilli binalarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama iki il müddətində kirayə pulu verirlər. Evləri plana düşən sakinlər kirayə üçün uzunmüddətli mənzillər götürürlər. Bu da bazarın təklif portfelinə təsir göstərir. Tələbələrin gedişi bazarda maksimum 15-20 faiz ucuzlaşmaya gətirib çıxara bilər".
Elnur Azadov deyir ki, təklifin azalması tələbələri ehtiyatlı davranmağa məcbur edib:
"Növbəti tədris ilində Bakıda qalmalı olan tələbələr adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Nəticədə həmin evlər boş qalmır. Tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə belə deyil, evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur".