Tələbələrə şad xəbər: Güzəştlər gəlir - Tarix açıqlandı
    • 8-07-2024, 17:10
    • 418

Tələbələrə şad xəbər: Güzəştlər gəlir - Tarix açıqlandı

Azərbaycanda vahid tələbə kartı yaradılır. Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağı qeyd edilib. Bildirilir ki, tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Bu imkanlar restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və sair məkanlarda da mövcud olacaqr.

Təhsilin İnkişafı Fondundan Teleqraf.com-a vahid tələbə kartlarının nə zaman həyata keçiriləcəyi ilə bağlı məlumat verilib.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova deyib ki, növbəti tədris ilindən vahid tələbə kartlarının verilməsi gözlənilir:

“Hazırda bu istiqamətdə iş aparılır. Kartların verilməsi sentyabr ayı üçün proqnozlaşdırılır, lakin bizdən asılı olmayan səbəblərdən (kartların istehsalı və s.) kimi gecikmələr ola bilər”.


Vahid tələbə kartı tələbələrə nə vəd edir?

Bununla bağlı təhsil eksperti Məzahir Məmmədli Teleqraf.com-a danışıb:

“Əlbəttə, müsbət addımdır. Bu barədə düşünməyin özü də ümid verir. Çünki indiyə qədər bu məsələ ilə bağlı fikirlər səslənmirdi. Ara-sıra sosial şəbəkələrdə tələbə birlikləri ictimai qınaq edirdilər. Amma ümumilikdə geniş müzakirəsi getmirdi. Məsələ ilk dəfə Milli Məclisin üzvlərinin müzakirəsinə çıxarıldı".

Ekspert vurğulayır ki, 90-cı illərə qədər tələbələr üçün xüsusi imtiyazlar var idi:

"Həmin imtiyazlar əsasında təqaüd alan-almayan tələbələr kart əldə edirdilər. Sovet pulu ilə ayda 2 manat 50 qəpik ödəməklə nəqliyyatdan pulsuz istifadə edilirdi. İndi yaxşı olar ki, bu məsələ də gündəmə gətirilsin. Muzeylərə giriş, tələbələrin gediş haqqı, digər elmi istiqamətli müəyyən məsələlər var ki, həmin kartdan yararlanmaq imkanları verilsin. Tələbələrə müəyyən imtiyazlar tanınmalı, onların sosial tələbatını ödəmək üçün dəstək verilməlidir".