Azərbaycanda illərin ədavəti cinayətə səbəb oldu – YENİ XƏBƏR
    • 24-05-2019, 12:49
    • 861

Azərbaycanda illərin ədavəti cinayətə səbəb oldu – YENİ XƏBƏR

Quba rayonunda düşmənçilik etdiyi şəxsin əmlakını yandıran şəxs barəsində açılmış cinayət işinin materialları məhkəməyə göndərilib.

News24.az-ın məlumatına görə, Qorxmazoba kəndində sərxoş vəziyyətdə tanışı Əliverdiyev Şahbaz Xalid oğluna məxsus tövləni yandıran Ağamirzəyev Fərahim Şahmirzə oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci, yəni əmlaklı qəsdən məhv etmə maddəsi ilə iş açılıb. İşə Quba Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, cinayət hadisəsi keçən ilin dekabrında baş verib.  

Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.

Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F. Ağamirzəyev, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istədiyini əlavə edib.