Putin və Modi Moskvada görüşdü
    • 9-07-2024, 15:53
    • 296

Putin və Modi Moskvada görüşdü

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Rusiyanın paytaxtı Moskvada görüşüb.

News24.az xəbər verir ki, Kreml Sarayında keçirilən görüşün mətbuata açıq hissəsində danışan Putin, iki ölkə arasında ticarət həcminin keçən il 66% artdığını vurğulayıb.

Bu ilin ilk rübündə ticarət həcminin 20% artdığına diqqət çəkən Putin, "Münasibətlərimiz imtiyazlı strateji ortaqlıq xarakteri daşıyır" dedi. 

İki ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini bildirən Putin, “Ən kritik məsələlərə maraq göstərdiyinizə görə, xüsusilə də Ukrayna böhranının ilk növbədə həll yollarını tapmaq üçün göstərdiyiniz səylərə görə sizə minnətdaram” dedi.

Çıxışında dünyanın son 5 ildə müxtəlif problemlərlə mübarizə apardığına diqqət çəkən Modi, "Raketlər problemlərin həllinə kömək etməyəcək. Dinc dialoqun zəruri olduğuna inanırıq" deyə əlavə edib.

Dünən Putinlə görüşdə ən qısa zamanda sülhün bərqərar olması mövzusunda konsensusa gəldiklərini ifadə edən Modi, "Bu mövzuda hər cür yardım etməyə hazırıq. Sizi əmin edirəm ki, Hindistan həmişə sülhdən yana olub. Sizi dinlədim, nikbinlik hiss etdim" bildirib.

İnsanların, xüsusilə də uşaqların ölümünə görə bütün bəşəriyyətin ağrı hiss etdiyini vurğulayan Modi, “Belə ağrıları hiss edəndə ürəyimiz parçalanır və dünən bu mövzularda danışmaq imkanım oldu” deyib.


Günel Məlikzadə