-
- 15-07-2024, 23:43
- 419
“Şortik”də gəzən kişilər – Onlar qınanılmalıdırmı?
İsti havalar insanları həyəcanlandırdıqca onlar da alternativlərə əl atırlar. Məsələn, istidə daha rahat gəzmək və istinin təzyiqini azaltmaq üçün bəziləri “şortik”ə üz tutur. Bu seçimsə heç də hamı tərəfindən qəbullanmır. Bir çoxları ictimai yerlərdə kişilərin “şortik”lə gəzməsini qəbul etmir. Hətta bir çoxları “şortik”li kişiləri aşağılamaqdan belə çəkinmir.
Elə isə, hər yerdə “şortik”lə gəzmək nə qədər doğrudur?
Sosioloq Üzeyir Şəfiyev fikirlərini Bizim.Media ilə bölüşüb. O bildirib ki, insanlar tərzlərində azaddır:
“İnsanlar geyimlər seçərkən azad seçim imkanlarına malikdir. Ancaq azadlıq dərk edilmiş zərurət kimi şüur hadisəsidir. Yəni insanlar tərzlər seçərkən məkanı və zamanı, mühiti də nəzərə almalıdırlar. Tərzlər mühitə uyğun olmayanda haqlı olaraq ictimai ikrahla qarşılanır. Cəmiyyət -fərd qarşılaşması həmişə var. İnsana elə gəlir ki, cəmiyyət onun azadlığını boğur. Cəmiyyət də deyir ki, ”sən mənim qoyduğum norma və qaydalardan kənara çıxsan sənə tərzlərinə uyğun adlar qoyaraq cəzalandıracam”.
Müsahibimiz hesab edir ki, bu cür qarşıdurma inkişafa xidmət edir:
“İnsanların geyim seçimləri mədəniyyət və şüurla bağlıdı. İnsan sosial varlıqdı və sosial mühitin dəyərlərinə hörmətlə yanaşmağa borcludur. Ancaq cəmiyyət də ifrat mühafizəkar olmamalı, faydalı yeniliyə açıq olmalı, fərdi pedant, konservativ qaydalarla, stiqmatik yanaşmalarla boğmamalıdır. Fərd və cəmiyyət qarşılıqlı gözləmə şəraitində yaşamalıdır. Bütün bu fikirlərin yekunundan çıxış edərək deyə bilərəm ki, “şortik” geyinmək olar. Amma onu geyinən adam harada olduğunu unutmamalıdır”.