Etna vulkanı 6 kilometr yüksəkliyə kül püskürdü
    • 16-07-2024, 21:13
    • 261

Etna vulkanı 6 kilometr yüksəkliyə kül püskürdü

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.

News24.az KONKRET.az-a istinadən xəbər verir ki, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik aktivlik davam edir.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, vulkanın son dövrlərdə aktivləşən “Voragine” krateri dünən axşam saatlarından etibarən yenidən kül və lava püskürməyə başlayıb.

Voragine kraterinin püskürtdüyü lava vulkanın yamaclarına yayılıb. Püskürülən kül təxminən 6 kilometr yüksəkliyə çatıb.

Ölkənin Viaqrande və Akisastello yaşayış məntəqələrinə kül yağıb. Bundan əlavə, Vorajin kraterində vulkanik fəaliyyətlə əlaqədar Etna vulkanının 2500 metr və yuxarı nöqtələrinə ekskursiya fəaliyyəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Etnada son günlər tez-tez kül və lava püskürən Voragine kraterinin hündürlüyü yığılmış lava səbəbilə 3 min 369 metrə çatıb və bu kraterin ən yüksək nöqtəsi halına gəlib.

İyulun əvvəlindən Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında vulkanik aktivlik tez-tez müşahidə olunur. Vulkan 2023-cü ilin dekabrında güclü kül və lava püskürdükdən sonra bu ilin iyul ayına qədər səssiz qalıb.