-
- 17-07-2024, 14:33
- 404
Buzlaqlar sürətlə əriyir - Dünyamız yavaşlayır
Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin Yerin fırlanma sürətinə də təsir etdiyini ortaya çıxarıb.
News24.az xəbər verir ki, ABŞ, İsveçrə və Kanadadan olan tədqiqatçılar buz təbəqələrinin əriməsi ilə artan temperaturun planetin fırlanma sürətinə təsirini araşdırıblar. Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan araşdırma çərçivəsində 1900-cü ildən bəri Qrenlandiya və Antarktidada buzlaqların əriməsi ilə bağlı məlumatlar araşdırılıb. Tədqiqat müəyyən edib ki, buz təbəqələri əridikcə ekvator ətrafındakı suyun kütləsi artır. Bu da Yerin daha "düzləşmiş və ya kökəlməsinə" səbəb olur və onun fırlanma sürətini yavaşladır. Bu vəziyyətin günlərin uzanmasına səbəb olduğu qeyd edilib. 1900-2000-ci illər arasında Yerin fırlanma sürəti əsrdə 0,3-1 millisaniyə azaldığı halda, 2000-ci ildən sonra bu sürət 1,3 millisaniyəyə yüksəlib.
Tədqiqatçılar önümüzdəki illərdə bu yavaşlama sürətinin 1 millisaniyə civarında olacağını və istixana qazı emissiyaları azalmasa, 2100-cü ilə qədər 2,6 millisaniyəyə qədər arta biləcəyini və günün uzunluğuna təsir göstərə biləcəyini qeyd ediblər. Bu dəyişikliyin internet trafikinə, maliyyə əməliyyatlarına və GPS sistemlərinə təsir göstərə biləcəyi də bildirilib. Zamanın ölçülməsinin son dərəcə dəqiq atom saatları ilə edildiyi və bir günün dəqiq müddətinin ayın gelgitləri və iqlim təsirləri kimi faktorlara görə dəyişə biləcəyi vurğulanıb.
Günel Məlikzadə