YAP nə qədər mandat almaq istəyir? - Siyavuş Novruzov açıqladı
    • 18-07-2024, 16:00
    • 205

YAP nə qədər mandat almaq istəyir? - Siyavuş Novruzov açıqladı

Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlaması böyük diqqətə səbəb oldu. Seçkidə iştirak edəcək siyasi partiyalar və digər şəxslər üçün də bu maraqlı idi. Kimin hansı dairədən seçkiyə qatılacağı, kimin-kimə alternativ olacağı məsələləri müzakirə edilirdi.

News24.az bildirir ki, bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, YAP siyahısı açıqlanana qədər kimlərsə namizədliklərinin irəli sürülməsində tərəddüdlər yaşayırdı: “Bəzi partiyalar isə namizədlərinin bir hissəsini açıqlasa da, digər addımlarla bağlı gözləmə mövqeyində idi. YAP bu seçkidə 125 Seçki Dairəsinin hər birindən namizədini irəli sürüb. Bu prosesdə YAP bütün təbəqələrin təmsilçiləri ilə seçkiyə qatılır. Siyahıda partiya veteranları, qadınlar, gənclər xüsusi yer tutur. Partiya siyahısının 30 faizindən çoxunu qadınlar təşkil edir. Heç bir partiyadan bu qədər qadın namizəd irəli sürülməyib. Gənclərlə yanaşmada da eyni prinsiplər var”.

YAP təmsilçisi partiyanın deputatlığa namizədləri arasında böyük dəyişikliklərin olduğunu bildirib: “Artıq seçki qanunvericiliyinə uyğun olaraq namizədlər qeydə alındıqdan sonra təbliğat-təşviqat prosesi başlayacaq. Bütün seçki prosesini YAP Seçki Qərargahı öz üzərinə götürüb. Sənədlərin hazırlanması, qeydiyyatdan keçən səlahiyyətli nümayəndlər vasitəsi ilə Seçki Dairələrinə çatdırılması, imzaların toplanmasını partiya üzvləri, fəalları həyata keçirəcək”.

Siyavuş Novruzov YAP-ın seçkiyə də iddialı qatıldığını söyləyib: “YAP 125 namizədlə seçkiyə qatılır. Hər bir namizəd üçün də bərabər şərait yaradacaq. YAP-ın namizədlərinin sənədləri sabaha Seçki Dairələrinə təqdim ediləcək. Partiyanın deputatlığa iddiaları şəxslərinin sırasında ciddi dəyişikliklər var. Amma partiya öz namizədlərini yüz faiz səviyyəsində də dəyişə bilməz. Burada təcrübə və digər amillər nəzərə alınır. Namizədlərin irəli sürülməsi deputatın fəaliyyəti dövründə olan qiymətləndirməyə uyğun aparılıb”.