-
- 19-07-2024, 20:58
- 278
Merkurinin dərinliklərində almaz təbəqəsi ola bilər - ARAŞDIRMA
Çin və Belçikadan olan beynəlxalq alimlər qrupu Merkuridə kilometrlərlə dərinlikdə almaz təbəqəsinin ola biləcəyini aşkar ediblər.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
Mütəxəssislər hesab edirlər ki, Merkuri digər yer planetləri ilə eyni şəkildə yaranıb: soyuyan maqma okeanından. Üstəlik, planetin süxurları çox güman ki, karbon və silikatlarla zəngindir.
Komanda Merkurinin içindəki təzyiq və temperaturun yeraltı karbonu almaza çevirmək üçün kifayət edə biləcəyini irəli sürüb. Tədqiqatçılar fərziyyəni yoxlamaq üçün dəmir, karbon və silisiumun kimyəvi qarışıqlarını hazırlayıb və sonra bu kompozisiyaları yeddi giqapaskal təzyiqə (Yer atmosferinin təzyiqindən 70 min dəfə yüksək) məruz qoyaraq 1970 dərəcədə ə qədər qızdırıblar.
Elm adamları həmçinin Merkurinin nüvəsi və mantiyasının sərhədində təzyiq və temperaturun daha dəqiq ölçülməsi və qrafit və ya almazın dayanıqlı olacağı fiziki şərtləri simulyasiya etmək üçün kompüter modellərindən istifadə ediblər.
Təcrübələr göstərib ki, Merkurinin mantiyasında olivin və digər minerallar, o cümlədən almaz əmələ gəlməlidir. Modelləşdirməyə əsasən, planetin mantiyası orta qalınlığı təxminən 15 kilometr olan almaz qabığı ilə əhatə olunmalıdır.
Qiymətli daşların bu nəhəng yataqlarını yaxın gələcəkdə çıxarmaq mümkün deyil, çünki onlar 485 kilometr dərinlikdə yerləşir.
Bununla belə, Merkurinin dərinliklərindəki almaz təbəqəsi planetdə maqnetizmin mövcudluğunu izah edə bilər. Alimlər bildirib ki, almazlar nüvə ilə mantiya arasında istilik ötürə bilir, bu da temperatur fərqi yaradır və maye metalın fırlanaraq maqnit sahəsi əmələ gəlməsinə səbəb olur.