-
- 17-11-2023, 23:30
- 204
Bu planetdə də oksigen aşkarlandı
Oksigen Yerdəki havanın təxminən 21 faizini təşkil edir, atmosferimizin qalan hissəsi isə azotdan ibarətdir. Əksər canlıların, o cümlədən insanların yaşamaq üçün oksigenə ehtiyacı var.
News24.az trend-ə istinadla xəbər verir ki, Yerin planetar qonşusu Venera tamamilə fərqli bir hekayə təqdim edir. Onun qalın və zərərli atmosferində karbon qazı üstünlük təşkil edir (96,5 faiz). Oksigen isə, demək olar ki, yoxdur. Əslində, Venera Mars kimi digər planetlərə nisbətən daha az elmi diqqət cəlb etdiyi üçün onun oksigeninin birbaşa aşkarlanması çətin olaraq qalır.
NASA və Alman Aerokosmik Mərkəzinin birgə layihəsi çərçivəsində SOFIA hava-desant rəsədxanasında infraqırmızı teleskop daşımaq üçün dəyişdirilmiş “Boeing 747SP” təyyarəsindən istifadə edən alimlər Venera atmosferinin digər iki təbəqəsi arasında sıxılmış nazik təbəqədə atom oksigeni aşkar ediblər. Onlar bildiriblər ki, tək oksigen atomundan ibarət olan bu atom oksigeni iki oksigen atomundan ibarət molekulyar oksigendən fərqlənir.
Tədqiqatçılar oksigeni ilk dəfə Veneranın Günəşə baxan tərəfində - əslində atmosferdə istehsal olunduğu yerdə, eləcə də əks tərəfdə, əvvəllər Havay adalarında yerləşən teleskopla Yeridən müşahidə aparılan ərazidə aşkar ediblər.
Trend xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi, Alman Aerokosmik Mərkəzinin fiziki Haynz-Vilhelm Hübers bildirib ki, Yerdən daha yavaş fırlanan Veneranın atmosferi çox sıxdır və onun kompozisiyası da çox fərqlidir. Bu planetdəki qalın atmosfer istixana effekti ilə istiliyi saxlayır. "Venera “qonaqpərvər” deyil, ən azından Yerdən tanıdığımız orqanizmlər üçün əlverişsizdir", - deyə Hübers əlavə edib.
Tədqiqatçıların sözlərinə görə, oksigen günəşdən gələn ultrabənövşəyi radiasiya nəticəsində atmosferdəki karbon qazı və karbonmonoksidi oksigen atomlarına və digər kimyəvi maddələrə parçalayır. Oksigenin bir hissəsi daha sonra küləklərlə Veneranın qaranlıq tərəfinə daşınır.
Alimlər qeyd ediblər ki, Veneranın səthindən təxminən 65 kilometr hündürlüyə qədər olan boşluqda tərkibində sulfat turşusu olan bulud təbəqəsi var və qasırğa gücündə küləklər planetin fırlanmasının əks istiqamətində əsir. Səthdən təxminən 120 kilometr yüksəklikdə güclü küləklər planetin fırlanması ilə eyni istiqamətdə əsir.
Oksigenin bu iki təbəqə arasında, təxminən 100 kilometr yüksəklikdə cəmləşdiyi aşkar edilib. Burada temperatur planetin gündüz tərəfində təqribən mənfi 120 dərəcə Selsi ilə gecə tərəfində mənfi 160 dərəcə Selsi arasında dəyişir.
Diametri təxminən 12 min kilometr olan Venera Yerdən bir qədər kiçikdir. Alimlər planetimizə yaxın olan Veneranın sirlərini araşdırmağa davam edirlər.