Yol hərəkəti ilə bağlı bu cərimələr artırıldı - SİYAHI
    • 24-07-2024, 16:28
    • 387

Yol hərəkəti ilə bağlı bu cərimələr artırıldı - SİYAHI

Prezident İlham Əliyevin sərəncamı ilə “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsini təsdiqləyib.

News24.az-ın məlumatına görə, qanuna əsasən bir çox cərimələr artırılıb.

Qanuna əsasən, “Yol hərəkəti haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə ediləcək.

Bu xəta 2 balla qiymətləndiriləcək. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.

Nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək. Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

146-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.

Digər dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək.

Əvvəlki qanunvericilikdə isə qeyd edilib ki, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.

Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq.

Əvvəlki qanunvericilikdə bildirilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir.

Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək. Əvvəllər bu məbləğ 10 manat idi.

Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ediləcək. Əvvəllər bu məbləğ 10 manat idi.

Dəyişikliyə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.

Əvvəllər bu məbləğ 80 manat idi.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. Dəyişikliyə əsasən, cərimənin məbləği 100 manatdan 200 manatadək artırılırb. Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.