-
- 29-07-2024, 21:55
- 272
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
Ötən günlərdə artıq bəzi universitetlərdə illik təhsil haqqı artırıldı. Sözügedən artım 200-300 AZN arası təşkil edir. Nəzərə alsaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq, təhsil haqqının artırılması buna kifayət qədər təsir göstərəcək. Belə ki, illik təhsil haqqının artırılmasının plan yerlərinin boş qalması ilə nəticələnəcəyi ilə bağlı müzakirələr aparılır.
Bəs illik təhsil haqlarının artımına görə plan yerləri boş qala bilər?
News24.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarının cavablandıran Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycanda universitetlərin təhsil haqları yüksəkdir.
"Əlbəttə, yaxşı təhsil verən universitetlərin dünyanın fərqli ölkələrində təhsil haqları ilə bağlı fərqli qiymətlər var. Məsələn, ABŞ-də qiymətlər kifayət qədər yüksəkdir. Amma nəzərə alsaq ki, onların universitetləri də təhsilin keyfiyyəti baxımından çox öndədirlər. Amma fərqli nümunələr çəkəcəm.
Avropanın nüfuzlu universitetləri var ki, onlarda təhsilin keyfiyyəti yüksəkdir, amma onlar daha çox sosial yönümlüdürlər və təhsil haqları Azərbaycanda olan qiymətlərdən daha ucuzdur. Universitetlər təhsil haqları ilə bağlı qərar qəbul edərkən, mütləq şəkildə bugünkü Azərbaycan insanının durumunu, tələbənin vəziyyətini düşünməlidir. Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələr göstəriciləri yüksək olduqda onlar təqaüdlə təmin edilirlər. Onlara dövlət təqaüd verir və beləliklə, həm də tələbələrimizin, gənclərimizin yaxşı təhsil almalarını dövlət stimullaşdırır.
Düşünmürəm ki, universitetlərdə plan yerlərinin boş qalması ilə bağlı problem olsun. Əgər universitetlər bundan qorxsa idi, təhsil haqlarını artırmazdı. Keçid balları aşağı olanlar ödənişli əsaslarla təhsil alır. Nəzərə alsaq ki, xeyli sayda insan var ki, övladı tələbə olsun deyə böyük pullardan keçirlər", - deyə o bildirib.