İran-İsrail gərginliyi artır
    • 3-08-2024, 12:50
    • 333

İran-İsrail gərginliyi artır

İran dövlət televiziyasının “dünya mühüm hadisələrin şahidi olacaq” şərhi, ardınca gecə saatlarında televiziya verilişlərinin kəsilməsi və hərbi himnlərin səsləndirilməsi mümkün əməliyyat iddialarını gündəmə gətirib.

News24.az xəbər verir ki, gərginlik artdıqca bir çox hava yolu şirkəti bölgəyə uçuşları dayandırmaq qərarına gəlib.

ABŞ, İngiltərə, Almaniya, Fransa və Hindistan kimi ölkələrin hava yolları İsrail və Livana bəzi uçuşları ləğv etdiklərini açıqlayıb.

Qərarın səbəbi kimi bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi göstərilib.

Eyni zamanda, bir çox ölkə İsrail, İran və Livandakı vətəndaşlarını geri qayıtmağa çağırıb və bölgəyə səyahət etməyi düşünənlərə xəbərdarlıq edib.

Fransa öz vətəndaşlarını “İranı dərhal tərk etməyə” çağırıb.

Hindistan İsraildəki vətəndaşlarına daxili səyahətlərdən çəkinmələri barədə xəbərdarlıq edib.

Polşa isə öz vətəndaşlarına "İsrail, İran və Livana səyahət etməmək" barədə xəbərdarlıq edib.

Xəbər verdiyimiz kimi, hadisələrin davam etdiyi bir vaxtda Amerika ordusu İsraili dəstəkləmək üçün Yaxın Şərqə əlavə döyüş təyyarəsi donanması göndərmək qərarına gəlib. Bölgəyə döyüş təyyarələri ilə yanaşı, ballistik raketdən müdafiə qabiliyyətinə malik döyüş gəmilərinin də göndəriləcəyi açıqlanıb.

Günel Məlikzadə