Alimlər qədim insanların yemək bişirmə üsullarını öyrəndilər
    • 3-08-2024, 18:56
    • 310

Alimlər qədim insanların yemək bişirmə üsullarını öyrəndilər

Təxminən 200 min il ərzində neandertallar müxtəlif iqlim şəraitində yaşayaraq peşəkar ovçu kimi yetişiblər. Paleolit dövrünə aid qalıqlar ibtidai insanların hətta şir ovladıqlarını da sübut edir. Lakin əcdadlarımızın quşların timsalında kiçik ovları necə ələ keçirib qida kimi istifadə etmələrinə dair arxeoloji və paleontoloji məlumatlar çox azdır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Frontiers in Environmental Archaeology” jurnalında neandertalların “mətbəxi” ilə bağlı tədqiqatın nəticələri dərc olunub.

Tədqiqat üçün 5 ədəd qarğa, qurqur və vəhşi göyərçin ovlanaraq əllə yolunub. Bundan sonra quşlar çaxmaq daşı ilə çiy halda parçalanıb. Sonra sümüklər qurudularaq mikroskop altında müayinə olunub. Çaxmaq daşının sümüklərdə ayparaya bənzər zədələrə səbəb olduğu üzə çıxıb. Zədələrdə çaxmaq daşının izləri görünüb. Digər 3 quş isə 500 dərəcə temperaturda bişirilərək analiz edilib. Bişmə zamanı sümüklərin kövrəkləşdiyi üzə çıxıb. Bununla da, bişirmə texnologiyasının qədim heyvanların sümük qalıqlarının müasir dövrədək gəlib çıxmasına təsirini üzə çıxarmaq mümkün olub.

Bununla belə, alimlər daha dəqiq məlumat əldə etmək üçün tədqiqatların sayının artırılmasını zəruri hesab edirlər.