Bəzi provayderlər internet tariflərini 15 gün tez qaldırıb? - AÇIQLAMA
    • Dünən, 22:44
    • 58

Bəzi provayderlər internet tariflərini 15 gün tez qaldırıb? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda avqustun 15-dən etibarən internetin sürəti artırıldığına görə, minimum ödəniş qiyməti də artırılacaq. 

News24.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bəzi internet provayderləri tərəfindən qiymət artımı 02.08.2024-cü il tarixindən həyata keçirilməyə başlanıb. 

Bu da bəzi müştərilər arasında narazılığa səbəb olub. 

Qaynarinfo-ya müraciət edən Zaur Hüseynov adlı müştərinin sözlərinə görə, "Uninet" MMC  ("CityNet" ticarət nişanı) 2 avqust tarixində ona internet verilişini dayandırıb: "İyul ayının 28-də növbəti ay üçün nəzərdə tutulmuş 18 manatlıq ödənişi etsəm də, cəmi 4 gün sonra, 2 avqust tarixində şirkət internet verilişini dayandırıb, əlaqə saxladıqda isə mənim şirkətə 7 manat borcumun olduğu deyildi. Buna etiraz olaraq, şirkətin xidmətindən imtina etdim".

Zaur Hüseynov bildirir ki, sözügedən şirkətlə aylıq 18 manat abunə olmaqla xidmətlərindən yararlanıb: "Aylıq ödənişi qəbul etdikdən 4 gün sonra xidmətin dayandırılması qanuna ziddir. Dövlət ölkə ərazisində internet qiymətlərinin 15 avqust tarixindən qaldırılması barədə qərar veribsə, şirkət də xidmət haqqlarını həmin tarixdə qaldırmalı idi. Yox, şirkət bu tarifləri özü vaxtından əvvəl qaldırırsa, bu barədə müştəriyə məlumat verməli idi".

Şirkətdən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, dəyişiklərlə bağlı hələ 12 iyulda müştərilərə müraciət ünvanlanıb və şirkətin saytında dərc edilib:

"Müraciətdə müştərilərə məlumat verilərək bildirilib ki, tariflər 02.08.2024-cü il tarixindən etibarən dəyişəcək. Qeyd edilib ki, fiber optik internetdən yararlanan abunəçilərin internet sürəti 100 Mb/s-ə qədər artırılacaq. Fiziki şəxslər üçün internet paketinin qiyməti 25 AZN, "İnternet + TV” paketinin qiyməti 31 AZN, "İnternet + TV + Telefon” xidmətinin qiyməti isə 33 AZN təşkil edəcək. Hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30AZN, 150 Mb/s internet paketinin dəyəri 36 AZN, 250 Mb/s internet paketi üçün qiymət 44 AZN olacaq. Bu dəyişikliklər yalnız sosialyönümlü və güzəştli paketlərə şamil edilmir".