-
- 12-08-2024, 18:43
- 435
"İsti hava uşaqlarda allergik reaksiyalar yarada bilər" - AÇIQLAMA
Milli Hidrometeorologiya Xidməti hava proqnozu ilə kifayətlənmir, gözlənilən hava şəraitinin meteohəssas insanlar üçün əlverişli olub-olmadığı ilə bağlı da xəbərdarlıq edir. Havada maqnit qasırğasının nə dərəcədə olacağı da bu qəbildən xəbərlərə aiddir. Bu gün üçün verilən proqnozda Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda isti temperatur rejimi gözlənildiyi və bunun meteohəssas insanlar üçün əsasən əlverişsiz olduğu bildirilib.
Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov Demokrat-az-a açıqlamasında meteohəssas insanların, xroniki xəstəlikləri olanların hava şəraitinə uyğun davranaraq önləyici tədbirlər almalı olduqlarını bildirdi:
“Havanın ani dəyişikliyinin insanlara mənfi təsir etdiyini tibb elmi sübut edib artıq. Kəskin iqlim dəyişikliyi xüsusən, ürək-damar xəstəlikləri, arterial təzyiq, xroniki xəstəlikləri olan, insult və ya insultdan əvvəlki vəziyyətdən əziyyət çəkənlərə təsirsiz ötüşmür. Xüsusən yaşlılar, hamilə qadınlar diqqətli olmalı, valideynlər də azyaşlı uşaqların səhhətindəki dəyişikliklərə diqqət etməlidirlər. Hava dəyişikliyi, kəskin istilər bəzi insanlarda qan təzyiqin enməsi, bəzilərində yüksəlməsi, başgicəllənmə, baş ağrıları, halsızlıqla müşayət oluna bilər.Elə insanlar var, davamlı yuxulayırlar, əzgin olurlar. İştahsızlıq yaranır. Ürəyin döyüntüləri artır. Ümumi zəiflik yaranır. Hava dəyişkiliyinin orqanizmə təsiri tamamilə təbiidir. İnsan təbiətin bir parçası olaraq təbiətlə daim təmasdadır. Orqanizm tərbiətlə baş verənlərə dərhal reaksiya verir. İnsan sağlamdırsa, səhhətinə qarşı diqqətlidirsə, orqanizmi bu dəyişikliyi rahat keçirir. Ancaq orqanimzdə müəyyən problemlər varsa, hər hansı xəstəlik varsa, əlbəttə, kəskin hava dəyişikliyi, isti temperatur ona mənfi təsir edəcək, fəsadlar törədəcək. Hava kəskin dəyişəndə ayrı-ayrı xəstəliklər də kəskinləşə bilir. Məsələn, mədə-bağırsaq xorası, qastritlər, bronxial astma xəstəlikləri yaz və payız aylarında kəskinləşir. Hava dəyişkənliyi zamanı oyanan xəstəliklərin səbəbi immun sisteminin, orqanizmdə bioloji proseslərin özünün aktivləşməsidir. İstər istidə, istərsə də soyuqda bədəndə xüsusi maddələr yaranır, orqanizmdə isti və soyuğa qarşı reaksiyalar baş verir. İstidən səpmə, allergik reaksiyalar olur. İstilərdən təngə gəlmiş insanlar kifayət qədərdir və onlar sərinlik axtarırlar. Bu zaman havanın kəskin soyumasına laqeyd yanaşarlarsa, onlarda soyuqlama baş verməsi ehtimalı daha yüksəkdir. Hava dəyişəndə geyim formasına mütləq dəyişiklik edilməlidir. Həmçinin evdə kondisionerdən istifadə məhdudlaşdırılmalıdır. Havaçəkən və ventilyasiya altında oturmamaq məsləhətdir”.
Ş.Məmmədov bildirdi ki, təkcə böyüklər deyil, uşaqlar da meteohəssas olurlar:
“Uşaqlar da havanın kəskin dəyişikliyi səbəbindən rahatsız ola bilər. Allergik reaksiyalar üzə çıxa bilər. Fəsillər dəyişdikcə, məsələn, yazqabağı və ya yaydan payıza keçəndə orqanizm özünü hazırlayır. Təbiət insanı elə yaradıb ki, iqlim dəyişikliyinə dözə bilsin və tez adaptasiya olsun, amma hava kəskin dəyişdikdə müxtəlif xəstəliyi olan insanlar əziyyət çəkir. Onların xəstəlikləri şiddətlənir. Böyük adamlar 40 dərəcə isti havada dura bilərlərsə, uşaqlar duruş gətirə bilməzlər, çünki onların dözümü yoxdur. İlk növbədə bu onların sinir sisteminə təsir edir. Uşaq orqanizmi istənilən temperatura öyrəşməlidir. Həm soyuq, həm isti havada ac olan uşaqlar tez xəstələnirlər. Çünki onlarda immunitet hələ tam formalaşmayıb, zəifdir. Ona gorə də valideynlər ehtiyatlı olmalıdırlar”. /demokrat.az