Kirayə evlərə tələbat artıb - SƏBƏB NƏDİR?
    • 24-08-2024, 23:26
    • 795

Kirayə evlərə tələbat artıb - SƏBƏB NƏDİR?

“Tələbələrin və gənc ailələrin böyük hissəsinin kirayə evlərdə qalmasına əsas səbəb paytaxt Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlak bazarındakı satış qiymətlərinin kəskin baha olmasıdır”.

News24.az xəbər verir ki, bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Sabah”a açıqlamasında söyləyib. Bildirib ki, daşınmaz əmlakların satış qiyməti kirayə qiymətlərinə ciddi təsir edir:

“Hazırda kirayə qiymətlərinə nəzər salsaq, şəhər mərkəzinə yaxın ərazilərdə, xüsusən köhnə tikililərdə bir otaqlı kirayə mənzillərin minimal kirayə qiyməti 350 manatdan başlayaraq, təxminən 400-450 manat arası dəyişir. Yeni inşa edilən binalarda isə qiymətlər daha yüksəkdir. Otaq sayı artdıqca, həmin rəqəmlərdə artımlar müşahidə olunur. Ümumilikdə isə, satış qiymətlərinə nəzər salsaq, evlər kəskin dərəcədə bahadır. Ölkədə minimum əməkhaqqı təqribi 345 manat hesablanır ki, Bakıda yerləşən kirayə evlərin ən ucuz qiyməti bu rəqəmdən daha böyükdür. Ev almağa imkanı olmayan vətəndaşlar da, bu səbəbdən uzun illər yataqxanalarda yaşayırlar, həmçinin, tələbələr belə, paytaxtın mərkəzində kirayə qiymətləri baha olduğundan, daha çox kənar ərazilərə üz tuturlar. Çünki sözügedən ərazilərdə kirayə mənzillər fərdi həyət evlərində yerləşir. Onların qiyməti bina evlərindəki mənzillərə nisbətən daha sərfəlidir.  Lakin kənar qəsəbə və kəndlərdə yerləşən ucuz kirayə mənzillərin bir sıra mənfi cəhətləri var ki, ən əsası, vaxt itkisinə səbəb olmasıdır. Burada yaşayan insanlar şəhər mərkəzinə gəlmək üçün kifayət qədər çox vaxt sərf edirlər. Bu da əlavə xərclərə gətirib çıxarır”. dirnaq modelleri

Ekspert ev sahibi olmaq istəyən şəxslər üçün dövlətin həyata keçirdiyi layihələrdən də bəhs edib:

“Artıq dövlət tərəfindən bir çox layihələr həyata keçirilir. Evsiz insanların problemini aradan qaldırmaq üçün ipoteka kreditlərinin verilməsi, həmçinin, İpoteka və Kredit Zəmanət Fondunun nəzdində olan kirayə mənzillər layihəsi mövcuddur. Sözügedən layihənin köməyi ilə vətəndaşlar mənzil sahibi ola bilirlər. Bu tip kirayə mənzilə ödənilən pulları onlar demək olar ki, öz evləri üçün ödəmiş olurlar. Bu proses uzun illər çəkir.

Qiymətlər paytaxt ərazisində kəskin baha olsa da, lakin bölgələrdə daha əlçatandır. Bu baxımdan bölgələrdə artıq iqtisadi vəziyyətin yaxşılaşması, insanların bölgələrə inteqrasiya etməsi, həmçinin, bölgələrdə yerləşən ali təhsil müəssisələrinin statuslarının artırılması, bu ərazilərdən paytaxta gələnlərin öz bölgələrində təhsil almasına gətirib çıxaracaqdır. Beləliklə, onlar həm kirayə mənzillərdə qalmaqdan xilas olar, həm də artıq valideynlər də onlara çəkilən xərclərin nisbətən azalmasına nail ola bilərlər. Onu da qeyd edim ki, gələcəkdə daşınmaz əmlak qiymətlərində enmələr olarsa, həmin hal kirayə qiymətlərində də ucuzlaşmaya səbəb olacaq”.