Azərbaycanda avro bahalaşdı, dollar isə... - MƏZƏNNƏ
    • 26-08-2024, 12:28
    • 2 745

Azərbaycanda avro bahalaşdı, dollar isə... - MƏZƏNNƏ

Azərbaycanda avronun manata qarşı olan məzənnəsində yeni rekord səviyyə qeydə alınıb.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu gün avro/manat məzənnəsi son bir ildə ilk dəfə olaraq 1,9 həddini ötüb. Azərbaycanda avronun məzənnəsində belə yüksək göstərici sonuncu dəfə 2023-cü ilin iyulunda qeydə alınıb. Avronun yenidən bahalaşmasının səbəbi dolların ucuzlaşması ilə bağlıdır.

Manatın xarici valyutalara qarşı məzənnəsi birbaşa yox, dolların vasitəsilə dolayı müəyyənləşdiyindən Azərbaycanda da avro bahalaşır. Qaydalara əsasən, dollar hansı valyutaya qarşı bahalaşırsa, manat da həmin valyutaya qarşı dəyər qazanır, dollar hansısa valyutaya qarşı ucuzlaşdıqda isə manat da həmin valyutaya nisbətən ucuzlaşır.

2024-cü ilin iyunundan başlayaraq dollar avroya nisbətən ucuzlaşır. Buna görə də manat da avro qarşısında dəyər itirir. Hazırda Azərbaycanın iri kommersiya banklarında avronun satış qiyməti daha yüksəkdir. İri banklarda avro 1,91-1,92 manata satılır, 1,86-1,87 manata isə alınır.

Qərb ekspertlərinin proqnozlarına görə, bu ilin sonuna qədər, hətta gələn ilin ortalarına kimi avro dollar qarşısında dəyər qazanacaq. Bu proqnoz özünü doğruldarsa, avro Azərbaycanda da bahalaşacaq.