Vüsalə Mahirqızı: "APA həyatımda bir imzadır" - MÜSAHİBƏ - FOTO -  VİDEO
    • 7-06-2019, 12:35
    • 2 243

Vüsalə Mahirqızı: "APA həyatımda bir imzadır" - MÜSAHİBƏ - FOTO - VİDEO


İnternet media Azərbaycanda fəaliyyətə başlayandan Azəri-Press Agentliyi - APA adlı bir media qurumu fərqli bir fəallıqla işə başladı.
Qısa zamanda əhatə etdiyi bütün sahələrlə hər kəsin diqqət mərkəzində oldu və sevildi.
9 aya yaxın müddətdə mediada görünməməyi böyük boşluq yaratdı. Onların həssas, operativ və peşəkar xəbərçiliyinin yeri çox göründü... 
Və nəhayət, bərpa olundu... Və bu gün APA yenə də tarix yazmağa davam edir. APA-nın 9 aydan sonra yenidən doğuşunun sevincini “APA Group”un təsisçisi Vüsalə Mahirqızı News24.az-la bölüşür.


- Vüsalə xanım, ONA fəaliyyətə başladıqdan sonra APA-nın açılacağını heç kim gözləmirdi. Ancaq bir neçə aylıq fasilədən sonra APA yenidən fəaliyyətə başladı. Bu, necə baş verdi?

-  APA 14 il idi ki fəaliyyət göstərirdi. Bəlkə də başqaları üçün üç hərfdir, lakin mənim həyatımda APA bir imzadır. Ola bilər ki, bundan sonra daha böyük brend yaranmasında iştirak edə bilərəm. Bu brendin yaranması, APA kimi bir media qurumunun ortada olması birmənalı olaraq, birinci növbədə Azərbaycan dövlətinin yaratdığı bir şəraitdir. Əgər müstəqil dövlətimiz, Azərbaycan prezidentinin media, internet azadlığı ilə bağlı siyasi iradəsi olmasaydı, belə bir brend ortaya çıxmazdı.

- Bəs, ONA.az-ın aqibəti necə olacaq?

ONA bundan sonra sosial araşdırma mərkəzi kimi fəaliyyət göstərəcək. Əvvəldən belə bir fikrimiz vardı ki, Azərbaycanda ictimai rəyi öyrənən, sosial-psixoloji araşdırma aparan, iqtisadi və siyasi təhlillərlə məşğul olan araşdırma mərkəzinə ciddi ehtiyac var. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində məşhur fikir mərkəzləri var. Onlar təkcə xəbər istehsalı ilə məşğul olmurlar. Həm də ictimai rəyin, fikrin istehsalı ilə məşğuldurlar. Ora analitiklər, iqtisadçılar, sosioloqlar cəlb olunur və onlar müxtəlif analizlər aparırlar və bu, həm də bir biznes qurumu, bir iqtisadi qurumdur. Biz də yaxşı analitiklər, sosioloqları cəlb eləməklə abunəçilərimizə, tərəfdaşlarımıza maraqlı ola biləcək normal analizlər hazırlamaq niyyətindəyik. 
Burda informasiyaların bir qrupu toplanılacaq və onun satışı ilə məşğul olunacaq. Bəzi analizlər, təhlillər də olacaq ki, onlar kütləvi oxucu üçün də maraqlı olacaq. Biz kütləvi oxucunu da nəzərdə saxlayacağıq. Həm qapalı, həm də açıq informasiyalar üçün ONA.az domenindən istifadə edəcəyik. O resurs bu formada fəaliyyətini davam etdirəcək.

- APA-nın fəaliyyətində hansı yeniliklər olacaq. 

- APA bir xəbər fabrikidir. Burda sistem elə qoyulub ki, xəbər, onun gəlməsindən tutmuş işlənməsinə, yayılmasına, istehsalına qədər hər şey sistemləşdirilib. Həmin sistem olduğu kimi davam edəcək. Köhnə kollektivin böyük əksəriyyəti, APA-nın imzaları iş başındadır. Həmin formada da davam edib gedəcəyik.  Eyni xətt, eyni xəbər istehsalı... Biz xəbəri obyektiv, qərəzsiz və tərəfsiz veririk. APA üçün prioritet hər zaman belə olub ki, APA yazıbsa, demək doğrudur. Bu lozunqla da davam edəcək. 

- APA TV-nin də bərpası nəzərdə tutulurmu?

- Bəli, APA TV fəaliyyətini davam etdirəcək.  APA TV ilə bağlı hazırda işlər görülür, açığı, fərqli formatda çalışmağı düşünürük. Çünki Azərbaycanda internet televiziya məkanının ən böyük internet televiziyası APA TV olub. İndiki auditoriya artıq bir il əvvəlki auditoriya deyil. Bu gün Azərbaycanda görüntülərə baxışın sayı həddindən artıq çoxalıb. Hətta deyərdim ki, oxu kontingeni çox-çox üstələyib. Məsələn, deyək ki, bir il əvvəl bü müsahibəni yazılı şəkildə götürərdiniz. Amma bu gün video-müsahibə götürürsünüz. Çünki bilirsiniz ki, oxucularınız və izləyiciləriniz üçün bu, daha rahatdır. Əlbəttə ki, buna görə də APA TV tamamilə yeni təqdimat, yeni dekorasiya, yeni studiyayla fəaliyyətə başlayacaq. Hazırda texniki proseslərin həlli mərhələsi gedir. Yeni verilişlər üçün “şapkalar”ın yığılması kimi texniki işlər gedir. Əməkdaşlar cəlb olunur. APA brendi varsa, biz təbii ki, əsas üstünlüyü xəbərə verəcəyik. Amma eyni zamanda, bununla yanaşı, ən müxtəlif, rəngarəng verilişlər görəcəksiniz. Tok-şoulardan tutmuş, maarifləndirici verilişlərə qədər müxtəlif sahələrə aid olan proqramlar olacaq.

- Bu aylar ərzində APA-sız çətin olmadı ki?

- İstər APA, istərsə də digər beynəlxalq müstəvidə tanınan brendlərimiz olsun, onların bu cür tanınmasının səbəbkarı Azərbaycan dövləti, Azərbaycan prezidenti və onun apardığı işlərdir. Azərbaycan mediası nə  vaxt maraqlıdır?! Bizim üçün digər ölkələrin mediası nə vaxt maraqlı olur? O zaman ki, böyük tədbirlər keçirilir, böyük beynəlxalq layihələrə imza atılır. Azərbaycan regionun enerji təhlükəsizliyində böyük rol oynayır. Ölkəmizin regionda ümumiyyətlə, böyük siyasi, iqtisadi layihələrin hamısında imzası var. Eyni zamanda Azərbaycan dünya miqyaslı beynəlxalq tədbirlərə, idman yarışlarına, humanitar forumlara ev sahibliyi edir. Və bu tədbirlər olduqca Azərbaycan mediasına da diqqət artır. Çünki əvvəl ölkəyə diqqət olur, sonra onun mediasına və o ölkədən xəbərin yayılmasına. 
Təbii ki, bunlar birinci növbədə dövlətin və dövlət başçısının, ikinci bizə dəstək verən, hər zaman yanımızda olan oxucularımız və kollektivin yaratdığı bir brenddir. 
Ümumiyyətlə, media kollektiv əməyin nəticəsidir. Bütün bunlarla yanaşı, APA mənim dediyim kimi, həyatımda imzamdır.  Əlbəttə, bundan sonra da fəaliyyətimdə müxtəlif istiqamətlərdə bəlkə daha çox pul qazanan, bəlkə daha da böyük brendlər yarada bilərəm. Amma əminəm ki, həmişə  mənim haqqımda danışanda APA kimi xatırlayacaqlar. Adımın qarşısında, yaxud adımdan sonra istər-istəməz APA sözü gələcək.
O üzdən mənim üçün çox sevindirici bir gündür. Azərbaycan mediası üçün önəmli olan digər brendlərimiz də - Lent.az, ədəbiyyat və mədəniyyət oxumaq istəyənlər üçün Kulis.az, rusdillilər üçün Vesti.az, APA TV var. Amma APA-nın yeri başqadır.

- APA-nın yenidən bərpa olunacağına inanırdınızmı?

- Bizim əməkdaşların darıxdığını görürdüm, bir az mənə çətin gəlirdi. Uzun müddətdir ki, aktiv jurnalistikadan kənardayam, daha çox şirkət idarəçiliyi ilə məşğul olmuşam. Ona görə də sırf xəbərçiliklə məşğul olmaq kimi bir istəyim yox idi. Amma təbii ki, illərin əziyyəti var. Belə bir brendin fəaliyyətini davam etdirməsi yaxşı hadisədir.

- Bir neçə ay bundan əvvəl ONA-nın əsasını qoydunuz. Bəziləri  ONA-nın adını birmənalı qarşılamadı. Onun fəaliyyəti ilə bağlı da tənqidi fikirlər oldu... 

- Hər zaman özümü yaxşı və pis olan bütün hadisələrə hazır hesab edirəm. Ümumiyyətlə, düşünürəm ki, ictimai, media müstəvisində olan şəxs təriflər qədər tənqidlərə də açıq olmalıdır. Bunları təbii hesab edirəm. Ümumiyyətlə, hər kəsin fərqli gözləntisi var. Hər kəs fərqli bir media görmək istəyir. Bir media simvolu və media platforması var.Bəzən olur ki, dünyasını dəyişən insanlar haqqında media yazır. Yəni normal olaraq yazmalı olduğu budur: “Filankəs vəfat etdi”. Amma bir neçə dəfə olub ki, bizim media qurumlarında “dünyasını dəyişdi” kimi yazılıb. Xəbər formatında bu, doğru deyil. Bununla bağlı bir neçə şəxs mənə, inboksuma mesaj yazıb. Qeyd ediblər ki, “bu, daha çox dini ifadədir. Xəbər dilinə uyğun deyil”. Mən də izah etmişəm ki, bunu yazar belə yazıb. Bəli, insan ölürsə, ölür. Günün birində həmin o irad bildirən insanlardan birinin yaxın adamı qəzada vəfat etdi.  Müharibədə ölənə “həlak olub” deyərlər. Mən dilçi olduğuma görə, bunları yaxşı bilirəm. İnsan qəzada ölübsə, “ölüb” yazmaq lazımdır. Bu da xəbərin başlığında gedib. Həmin şəxs xəbərin başlığını mənə atdı və  bildirdi ki, siz qeyri-insani münasibət göstərirsiniz. “Filankəs öldü” nədir? düşünmürsüz ki, bunun yaxınları var”. Mən ona cavab yazdım ki, “Allah rəhmət etsin, amma bura indi yazdığınızın bir az yuxarı hissəsinə qalxın və mənə  bundan əvvəl yazdığınız iradı oxuyun”. 
Kiçik bir məişət detalıdır, amma bunu insan öz üzərində hiss edəndə tamam başqa cür olur. Toplum və cəmiyyətin baxışı başqa cürdür. Mən hələ böyük hadisələrə, siyasi proseslərə, kütləni maraqlandırmayan politik məsələlərə, qara piar məsələlərinə medianın yanaşmasından danışmıram. Hər bir insan mediadan özünə  aid xəbəri bu cür oxuya bilər. İnsanların mediadan gözləntiləri çox böyük və fərqlidir. Hər kəs istəyir ki, onun gözlədiyini deyəsən. Amma olmayan bir şeyi yazmaq doğru deyil. Məhz sən istəyirsən deyə olmayan hadisə barədə bu cür yaza bilmərəm. Bəzi adamlar deyirlər ki, ONA APA kimi deyil, çünki öyrəşilmiş bir ifadə,  öyrəşilmiş söz və brend var. Əslində biz ONA-da da eyni cür işləməyə çalışırdıq. Çalışırdıq ki, o cür xəbər təqdim edək. Biz heç bir yerdə prinsip olaraq xəbərçilikdən kənara çıxmamışıq. Xəbər varsa, onun tərəfləri varsa, biz onu işləmişik. Və onu standartlara uyğun işləməyə çalışmışıq. Təbii ki, qulağın öyrəşdiyi bir brend var, illərin gətirdiyi inam və etimad var. Proseslər olub. APA yazıb, bəzən kimlərsə, təkzib etməyə çalışıb, amma APA israr edib, sonda da APA-nın yazdığı olub və adamlarda da bununla bağlı şüuraltı bir inam yaranıb. Ona görə də təbii ki mən onları başa düşürdüm. Başqa bir yanaşma da var idi ki, bunlar uğurlu ola bilmədilər və sairə... Bunları da qəbul edirəm. Ümumiyyətlə, hesab edirəm ki, buna dözümlü olmalıyıq. Çünki tərif varsa, tənqid də olacaq.

- Bu ilin noyabrın 16-da APA-nın fəaliyyətinin 15 illiyidir. Həmin tarixi necə qeyd etməyi düşünürsüz?

- Bir media qurumu üçün 5 ay böyük vaxtdır. İnşallah, dövlətimiz, ölkəmiz üçün hər şey gözəl olsun, yaxşı bir yubiley mərasimi keçiriləcək.

Teymur Məmmədov
Video: Fərid Şabanov