Klaudio Bravo karyerasını başa vurdu
    • 27-08-2024, 20:22
    • 323

Klaudio Bravo karyerasını başa vurdu

Çili millisinin, “Barselona” və “Mançester Siti”nin sabiq qapıçısı Klaudio Bravo peşəkar karyerasını başa vurub.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə 41 yaşlı qolkiper özü açıqlama yayıb. O, futbolla vidalaşdığını bildirib: 

“Sizə bildirmək istəyirəm ki, peşəkar futbolu tərk edirəm. Ailəmlə müzakirə etdim, düzgün, düşünülmüş qərar verdim. Həyatımın bu çox vacib dövrünü bitirməyin və yeni mərhələyə başlamağın vaxtıdır.

Mənə bütün sahələrdə - həm şəxsi, həm də peşəkar sahədə böyümək və inkişaf etmək imkanı verən bütün klublara təşəkkür edirəm. "Kolo-Kolo"ya, "Real Soysedad"a, "Barselona"ya, "Mançester Siti"yə və "Betis"ə təşəkkürlər. Karyeram boyu malik olduğum bütün komanda yoldaşlarıma, xüsusilə çətin anlarda mənə həmişə kömək edən bütün texniki mütəxəssislərə, menecerlərə, işçilərə təşəkkür edirəm. Məni dəstəkləyən, sevən, hörmət edən bütün fanatlarıma minnətdaram". 

Qeyd edək ki, Bravonun son klubu 2020-ci ildən çıxış etdiyi "Betis" olub. O, bu yay komandadan ayrılıb. 

Klaudio Çili millisinin heyətində 150 oyun keçirib, 2 dəfə Amerika kubokunun qalibi olub. Bravo Çili, İspaniya və İngiltərənin ikiqat çempionudur. Futbolçu həmçinin Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, İngiltərə Kubokunu və İspaniya Superkubokunu qazanıb. Bravo üç dəfə İngiltərə Liqa Kubokunu və 3 dəfə İspaniya Kubokunu qazanmağı da bacarıb. Həmçinin o, 2 dəfə İngiltərə Superkubokunun qalibi olub.