Dəhşətli istilər başlayıb — Nə vaxtadək davam edəcək?
    • 27-08-2024, 18:58
    • 5 429

Dəhşətli istilər başlayıb — Nə vaxtadək davam edəcək?

Avqust ayının sonuna yaxınlaşdığımız bir vaxtda havanın temperaturu anidən yüksəlib. Bir çoxları bu istinin normal olmadığını düşünür və mövcud hava şəraitindən narahatlıq duyurlar. Maraqlıdır, yayın fəslinin sonuna az qalan ərəfədə istiliyin artmasına səbəb nədir? Sentyabrda da isti hava şəraiti davam edəcəkmi? 

News24.az bildirir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən meteoroloq Cavid Hüseynov temperaturun 40 dərəcəyə çatmasının səbəbini belə izah edib: 

“Yayın əvvəlində Şimal dənizləri və Şimali Atlantika üzərindən kontinental və dəniz Arktik hava kütlələrinin ölkəmizin ərazisinə aktiv müdaxiləsi nəticəsində dəyişkən sinoptik-hava şəraiti yarandığına görə yaz ayları üçün xarakterik olan atmosfer prosesləri daha aktiv idi. Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsi düzənlik və dağətəyi regionlarımızda dayanıqlı sinoptik hava şəraitinin formalaşmasına, tropik hava kütlələrinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olmuşdu. Həmçinin, yay aylarında Orta Asiyadan ölkəmizin ərazisinə quru və isti havaların daxil olması ilə əlaqədar havadakı toz miqdarının da normadan (yol verilən qatılıq həddindən) çox olması insanlarda diskomfortluq hissi yaradır”.  

Ekspert növbəti ayda bizi hansı havanın gözlədiyindən də danışıb:

“Sentyabr ayının ikinci ongünlüyündən etibarən havaların nisbətən mülayimləşəcəyi, ölkə ərazisində müşahidə ediləcək temperatur və yağıntı göstəricilərinin iqlim normasına yaxın olacağı ehtimal edilir”.