"Bütün tanış qızlar mənim qarşımda lüt dolanır, sən də..." - Salyanda şok hadisə
    • Dünən, 22:56
    • 424

"Bütün tanış qızlar mənim qarşımda lüt dolanır, sən də..." - Salyanda şok hadisə

Salyan rayonunda 1982-ci il təvəllüdlü Vüsalə tanışlıq münasibətində olduğu Nəsimini (adlar şərti verilib - red.) intim görüntüləri ilə şantaj edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsalə 10 yanvar 2024-cü ildə saat 23 radələrində yaşadığı evdə olarkən tanışı Salyan şəhər sakini Nəsimi hamam otağından “WhatsApp” tətbiqi vasitəsilə ona zəng edib.

Vüsalə görüntülü telefonla danışarkən Nəsiminin çılpaq vəziyyətdə olmasından istifadə edib, onun pulunu hədə-qorxu ilə tələb edib ələ keçirmək qərarına gəlib. Bu məqsədlə Nəsiminin fotoşəkilini telefonun fotokamerası vasitəsilə çəkib, bir neçə dəqiqədən sonra həmin fotoşəkilləri “WhatsApp” vasitəsilə Nəsiminin mobil telefonuna göndərib.

Vüsalə fotoşəkilləri internet sosial şəbəkəsində yayacağı barədə ona hədə-qorxu gəlib, bunu etməmək müqabilində 350 manat tələb edib. Nəsimi ailəsinin dağılmasından və cəmiyyət içərisində rüsvay olacağından ehtiyatlanıb, ondan tələb olunan pulu verməyə razılaşıb.

Vüsalə Nəsimidən 2024-cü ilin yanvarın 13-də Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” ticarət mərkəzində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə adına olan “Leobank”a bank kartının hesabına köçürülmüş 200 manat, həmin il yanvarın 14-də qeyd edilən qaydada həmin kart hesabına köçürülmüş daha 150 manat alıb.

İstintaq orqanı tərəfindən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“İnstaqram”da tanış olmuşam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Salyan şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində kirayədə yaşayıb:

“Əvvəllər ailəli olmuşam, sonradan boşanmışam. 15 və 17 yaşlarında 2 oğlan övladım mənim himayəmdə yaşayır. Bakı şəhərində “Zara” geyim mağazasında xadimə işləyirəm. Salyan şəhər sakini Nəsimini bir neçə ildir tanıyıram. Onunla “İnstaqram” mobil internet tətbiqi vasitəsilə tanış olmuşam və sonralar “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamışıq.

Nəsiminin istifadə etdiyi “WhatsApp”ı xarici ölkəyə məxsus mobil telefon nömrəsi ilə qeydiyyatdan keçib. Ayda bir-iki dəfə Nəsimi mənə zəng edib, hal-əhval tutmuşuq”.

“Mübahisəmiz bu məsələyə görə oldu”

Vüsalə qeyd edib ki, Nəsimi ilə aralarında mehriban dost münasibətləri yaranıb, lakin bu müddət ərzində cinsi münasibətlərdə olmayıblar:

“2023-cü ilin dekabrından etibarən dəfələrlə gecə saat 22-23 radələrində artıq yuxuda olarkən Nəsimi mənə “WhatsApp” vasitəsilə zəng edib, yataqdan qalxaraq mətbəxə keçib və telefonun kamerası qarşısında özümü ona nümayiş etdirməyimi istəyib.

Nəsiminin bu kimi istəkləri təbiətimə uyğun olmadığından, həmçinin oğlanlarımla birlikdə yaşadığımdan, həmişə işdən evə yorğun gəldiyimdən bu kimi istəklərini rədd etmişəm.

Nəsimi hər dəfə mənə deyib ki, bir çox tanış qızları var, hər biri onun bu kimi xahişini yerinə yetirsələr də, bircə mən bunu etməməklə özümü naza qoyuram. Bu səbəbdən hər dəfə Nəsimi ilə aramızda sözlü mübahisələrimiz olub”.

“Lüt vəziyyətdə şəkilini çəkdim”

Vüsalə deyib ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərindəki ata evinə gəlib və bir neçə gün Salyanda qalıb: “Həmin vaxt pulum olmadığından Bakı şəhərində kirayə haqqını ödəməkdə çətinlik çəkirdim. Bu səbəbdən Salyan şəhərində yaşayan qohumlardan borc pul almaq istəyirdim.

Həmin vaxtlar, yanvar ayının 10-da təxminən saat 23 radələrində evdə yatdığım zaman Nəsimi yenidən zəng edərək mətbəxə keçib, telefonun kamerası qarşısında özümü nümayiş etdirməyimi istədi. Mən yenidən ona rədd cavabı verdim, telefonu qapatdım. 1 saat sonra Nəsimi yenidən videogörüntü olaraq zəng etdi.

Mən telefonu açdıqda Nəsiminin hamam otağında paltarsız vəziyyətdə duş qəbul etdiyini gördüm. Onun bu cür şəkildə mənə zəng etməsindən bərk əsəbləşdim. Ani olaraq qərara gəldim ki, bu vəziyyətdə fotoşəklini çəkib, sonra onu qorxudum ki, bir daha bu saatlarda mənə zəng vurmasın. Ona görə Nəsiminin hamamda çimərkən paltarsız vəziyyətdə fotoşəklini telefonumun kamerası vasitəsilə çəkdim”.

“Şəkili silməyi unutmuşam”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nəsiminin çəkdiyi lüt fotoşəkilləri “WhatsApp”la ona göndərib: “SMS də yazdım ki, əgər 350 manat göndərməsən, bu fotoşəkilləri internetdə yayıb, səni biabır edəcəm. Nəsimi bu tələbimlə razılaşdı və pulu bir neçə gündən sonra göndərəcəyini dedi.

Yanvarın 13-də Nəsimi zəng edərək pulu necə göndərəcəyini soruşdum. Bildirdim ki, pulu bank kartıma göndərsin. Özümə məxsus “Leobank”ın bank kartının şəklini ona yolladım. Yanvarın 13-də Nəsimi həmin bank kartına 200 manat, yanvarın 14-də daha 150 manat köçürdü.

Mən də yanvarın 15-də Bakı şəhərinə getdim, həmin pulun 300 manatını bankomatdan çıxardaraq kirayə qaldığım evin aylıq ödənişini ödədim. Daha sonra Nəsiminin telefon nömrəsini telefonumun yaddaşından sildim. Çünki güman etdim ki, Nəsimi bir daha zəng edərək məni narahat etməyəcək.

Həmçinin Nəsimiyə dedim ki, pulu göndərdiyi halda fotoşəklini öz telefonumun yaddaşından siləcəm. Lakin Nəsiminin şəklini telefonun “qalereya” papkasından silsəm də, telefonun “zibil qutusu” papkasından silməyi unutmuşam”.

“Etiraz etmədim”

Vüsalə bildirib ki, fevralın 5-də Nəsimi yenidən ona zəng edib və Bakı şəhərinə gələcəyini deyib: “Mənimlə görüşməyi təklif etdi. Mən bu dəfə də ona rədd cavabı verdim. Buna baxmayaraq təkidlə bir neçə dəfə zəng edərək görüşmək istədi. Hər dəfə ona rədd cavabı verdim.

Növbəti günlərdə Nəsimi yenidən zəng etdi və Bakı şəhərinə gələrək mənimlə görüşəcəyini dedi. Bu dəfə daha etiraz etmədim.

Fevralın 10-da axşam saatlarında Nəsimi zəng edərək Bakı şəhərində yaşadığım evin yanında olduğunu dedi. Mən də evdən küçəyə çıxdım və həmin vaxt mülki geyimdə olan şəxslər mənə yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdilər. Nəsiminin şikayət ərizəsi əsasında aparılan araşdırma ilə bağlı izahat verilməyim üçün Salyan Rayon Polis Şöbəsinə dəvət etdilər.

Mən etiraz etmədim, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəldim.

Nəsimidən pul tələb edərkən onun fotoşəkilini internetdə yaymaq məqsədim olmayıb. Bunu sadəcə Nəsiminin məndən əl çəkməsi məqsədilə etmişəm. Bilməmişəm ki, bu cinayətdir. Peşmanam, himayəmdə 2 övladım var”.

“Cinsi münasibətlərdə olmamışıq”

İş üzrə zərərçəkmiş Nəsiminin sözlərinə görə, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır:

“Vüsalə ilə təxminən 3-4 il əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olmuşam. Dost münasibətlərimiz olub. Bu müddət ərzində ayda 1-2 dəfə telefon vasitəsilə əlaqə saxlamışıq, söhbət etmişik. Bir neçə dəfə Bakı şəhərində Vüsalə ilə görüşmüşəm. Lakin cinsi münasibətlərdə olmamışıq.

Maddi vəziyyəti çətin olduğundan Vüsalə bir neçə dəfə məndən borc pul istəyib. Mən hər dəfə istədiyi pulu borc olaraq ona vermişəm. Lakin bu günədək Vüsalə mənə borclu olduğu 400 manatı qaytarmayıb”.

“Bildirdi ki, lüt vəziyyətdə fotoşəkilimi çəkib”

Nəsimi qeyd edib ki, 2024-cü ilin yanvar ayının 10-da evində hamamda olarkən videogörüntülü zəng vasitəsi ilə ona zəng gəlib: “Telefonu açdım, zəng edənin Vüsalə olduğundan dərhal telefonu qapatdım.

Bundan təxminən 20-25 dəqiqə sonra Vüsalə “WhatsApp” vasitəsilə SMS yazdı və bildirdi ki, mənim hamamda lüt vəziyyətdə fotoşəkilimi çəkib, əgər ona 350 manat göndərməsəm, fotoşəkilimi internet vasitəsilə yayacaq. Pulu göndərdikdən sonra isə fotoşəkilimi telefonundan siləcəkdir.

Mən ailəli və Salyan şəhərində özümə görə hörmətim, nüfuzum olduğundan biabır olmamaq, ailəmin dağılmaması üçün məcbur qalıb Vüsalənin istədiyi pulu göndərməyə razılıq verdim. Pulu necə və harada verəcəyimi soruşdum. Vüsalə adına olan bank kartının şəklini mənə göndərdi. Pulu həmin bank kartına göndərməyimi istədi”.

“Şikayət ərizəsi yazdım”

Zərərçəkmiş deyib ki, yanvarın 13-də “Univermaq” ticarət mərkəzinə gəlib və “Milliön” ödəmə terminalı vasitəsilə 200 manatı, ertəsi gün yanvarın 14-də yenə həmin yerdən daha 150 manatı Vüsalənin plastik kartına göndərib:

“Vüsalə zəng edərək bildirdi ki, pulu alıb və şəklimi öz telefonundan silib. Lakin mən ona inanmadım. Fevralın 5-də zəng edərək dedim ki, Bakı şəhərinə gəlirəm, təklif etdim ki, görüşüb çay içək. Məqsədim Vüsalə ilə görüşüb telefonuna baxmaq idi ki, fotoşəklimin silinməyinə əmin olum. Amma Vüsalə mənim hamamda çəkilmiş fotəşəklimi “WhatsApp” vasitəsilə göndərdi və SMS yazdı ki, əgər bir daha ona zəng etsəm, mənim şəklimi internetdə yayacaq.

Artıq mənə aydın oldu ki, Vüsalə hamamda çəkilmiş şəkilimi öz telefonunun yaddaşından silməyib, gələcəkdə şantaj edərək hər ay məndən pul ala biləcək. Bu səbəbdən fevralın 9-da Salyan Rayon Polis Şöbəsinə gəldim və Vüsaləni qorxutmaq üçün şikayət ərizəsi yazdım”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.