Ruhi Əliyeva: “Balalarımızı sevgi ilə böyüdək” - VİDEO
    • 9-06-2019, 14:04
    • 1 639

Ruhi Əliyeva: “Balalarımızı sevgi ilə böyüdək” - VİDEO

“Aqressiv, acı sözlərlə, dayaqla böyüyən uşaq böyüyəndə kimsəni sevməyəcək, bunun heyifini cəmiyyətdən alacaq”

News4.az xəbər verir ki, Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva bu sözləri növbəti video bloqunda son zamanların ən aktual məsələsinə toxunarkən deyib. İş xanımı son zamanlar valideynlərin uşaqlarına aqressiv münasibəti, dayaq, zor tətbiq eləməsi ilə bağlı xəbərlərdən narahatlığını bildirib: “Övladlarımın müəlliməsi Xatirə xanım bu günlərdə bizə gələndə bir hadisənin şahidi olub. Onun danışdıqları məni də çox təsirləndirdi. Müəllimə dedi ki, avtobusda bir ana uşağını acımasızca döyüb. Səbəb də nədir? Uşaq ayağını palçığa batırıb. Ətrafdakı insanların iradı belə onu əməlindən çəkindirməyib. Bundan başqa, son zamanlar eşidirəm, deyirlər, uşağı imtahanda yüksək bal toplamayıb deyə, övladını cəzalandırıb, döyüb, danlayıb. Mən belə şeylər eşidəndə, çox məyus oluram, təsirlənirəm. Məncə, belə hallara qarşı ciddi şəkildə mübarizə aparılmalıdır”.

Ruhi Əliyeva söhbət zamanı valideynlərə səslənib: “Ana kimi valideynlərə səslənirəm. Yaşadığınız problemlərin, çətinliklərin heyifini uşaqlarınızdan çıxmayın. Allahın verdiyi o gözəl varlıqları cəzalandırmayın. Onlara elədiklərimizi, “səni min əziyyətlə hazırlığa göndərirəm”, “sənin üçün zülm çəkirəm” deyə başına qaxmayın. Onları hansısa uğursuzluğuna görə üzməyin, övladlarınızı intihara sürükləməyin”.

“Aqressiv, acı sözlərlə, dayaqla böyüyən uşaq böyüyəndə kimsəni sevməyəcək, bunun heyifini cəmiyyətdən alacaq” deyən Ruhi Əliyeva bu mövzuda təbliğat və aksiyaların, tədbirlərin keçirilməsinin zəruri olduğunu qeyd edib: “Balalarımızı sevgi ilə böyüdək. Uşaqlar bizim sabahımız, sonramızdır. Onları göz bəbəyimiz kimi qorumalıyıq, gözəl tərbiyələndirməliyik. Zənnimcə, bu mövzuda aksiyalar, tədbirlər düzənləməyə, maarifləndirmə aparmağa ehtiyac var”.

İzləyiciləri ilə valideyn-övlad münasibətləri haqda düşüncələrini paylaşan Ruhi Əliyeva növbəti dəfə ləziz yeməkləri ilə izləyicilərini məmnun etməyi də unutmayıb. O, bu dəfə  Azərbaycan mətbəxinin iki dadlı yeməyi- “Çığırtma” və “Ciyər qovurması” hazırlayıb.