-
- 5-09-2024, 18:58
- 10 084
"İstisu" niyə baha satılır? - SƏBƏBİ AÇIQLANDI
Bu il Kəlbəcərdəki “İstisu” mineral su zavodunda işlər tam başa çatdırıldıqdan sonra zavod öz yerli məhsulunu satışa çıxarıb. Marketlərdə “İstisu” təbii mineral içkisinə həm plastik, həm də şüşə qablaşdırmada rast gəlmək mümkündür. Bir çox marketlərdə plastik qablaşdırmada olan “İstisu” 90 qəpikdən, şüşə qablaşdırmada olan isə 1 manat 30 qəpikdən başlayaraq alıcılara təklif edilir.
Bəs digər mineral sularla müqayisədə, xüsusilə yerli istehsal olan “İstisu”yun qiymətinin yüksək olması nə ilə əlaqədardır?
News24.az bildirir ki, bu barədə iqtisadşı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, “İstisu” mineral içkisinin digərlərindən daha baha olması həmin şirkətin xərclərinin digərlərinə nisbətən daha çox olması ilə əlaqədardır:
"Azərbaycanda suların qiyməti son vaxtlar bahalaşsa da, Avropa ilə müqayisədə şükürlüdür. Orada qiymətlər 2,50 - 3 manat civarındadır. “İstisu” şirkətində isə həm işçinin xərclərini, həm məsafənin uzaq olmasını nəzərə alsaq, görürük ki, şirkətin əməliyyat xərcləri daha çoxdur. Məsələn, işçilər Bakıdakı su şirkətlərində işləməyə asanlıqla razı olurlar, amma Kəlbəcərdə yox, çünki hələ orada sosial həyat qurulmayıb. Yəni həmin şirkətlərdə işçi tapmaq problemi yaşanır, buna görə də xərcləri çoxalır".
Ekspert onu da qeyd etdi ki, "İstisu” bir brenddir, həmçininn şirkət məhsuluna qiyməti özü təyin edir:
"Brend məhsul hər zaman daha baha olur və bu qiymət siyasəti istehsalçı şirkətlər tərəfindən müəyyən edilir. “İstisu” şirkəti də xərclərinin çox olmasına görə, brend olduqlarına görə qiyməti digərlərindən yüksək təyin ediblər. Niyə yerli istehsal daha ucuz satmalıdır? Əksinə, yerli istehsal da nə qədər baha sata bilərsə, o cür qərar verir. “İstisu” sovet dönəmindən bizim üçün məşhurdur, müalicəvi əhəmiyyəti var, bütün bunları nəzərə alaraq təyin edilən qiymət normaldır. Şirkət məhsulu bu qiymətə sata biləcəksə, satacaq, sata bilməzsə, onda məcbur qalıb qiyməti endirəcək. Çünki qiymət təyin ediləndə "hamı bunu almalıdır" fikri yoxdur".