-
- 9-09-2024, 13:44
- 424
Ucuz kosmetik vasitələrin FƏSADLARI - DERMATOLOQDAN AÇIQLAMA
Zərif cinsin nümayəndələri həmişə gözəl görünməyə çalışıblar. Qadınlar hələ lap qədim zamanlarda da ənlik-kirşandan istifadə ediblər. Müasir dövrdə isə əksər xanımlar kosmetik vasitələri xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsi sayır. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər bəzən elə nəticələr doğurur ki...
Sirr deyil ki, indi müxtəlif şirkətlər çeşidli kosmetik vasitələr-kremlər, pudralar, rumyanalar, pomadalar, tenlər istehsal edirlər. Bəs, bunlar insan sağlamlığı üçün nə dərəcədə zərərlidir?
Məsələyə münasibət bildirən həkim dermatoloq Vaqif Abdullayev News24.az-a açıqlamasında bildirib ki, belə vasitələrdə hər zaman ehtiyatlı olmaq önəmlidir. Onun sözlərinə görə, kosmetik vasitələrin keyfiyyətli olması önəmlidir:
"Kosmetik vasitənin ucuz olması o demək deyil ki, keyfiyyətsizdir. Amma əksər hallarda ucuz kosmetikalar keyfiyyətsiz olur. Onların tərkibində ucuz maddələr istifadə olunur. Hansılar ki, dəriyə toksiki təsir göstərir, dəridə allergik problemlər, komedonlar əmələ gətirir. Ona görə də, problemli dəridisə, sızanağa meyillidirsə, bu zaman kosmetika seçimində çox diqqətli olunmalıdır. Ucuz yox keyfiyyətli vasitələr və dərinin tipindən asılı olaraq, ona uyğun olan kosmetika seçilməlidir".
Dermatoloq bu vasitələrin fəsadları haqqında da məlumat verib:
"Fəsad çox ola bilər. Keyfiyyətsiz vasitələr dəriyə bir çox qıcıqlanmalar, allergik problemlər verə bilər. Tərkibində keyfiyyətsiz xammallar istifadə olunan zərərli maddələr ola bilir ki, bunlar da öz növbəsində insan orqanizmində ciddi fəsadlara gətirib çıxardır. Məsələn, problemli yağlı dəridir. Qatı makiyaj vasitələrindən istifadə, komedon əmələ gəlməsinə, sızanaqların artmasına təsir göstərə bilər. Ona görə məsləhətdir ki, dəri tipinə uyğun, keyfiyyətli və ümumiyyətlə az kosmetik vasitələrdən istifadə olunsun.
Məryəm İlhamqızı