-
- 10-09-2024, 15:21
- 7 740
Hərbçilərə ŞAD XƏBƏR - Prezident qanunu təsdiqlədi
Azərbaycanda hərbçilərə daha bir dövlət dəstəyi başlayır. Bu dəfəki güzəştlər məxsusi olaraq xüsusi təyinatlılara tətbiq ediləcək. Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən dövlət ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcək. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək veriləcək.
Bütün bunlar prezidentin fərman ilə təsdiqlənmiş yeni sənəddə – “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi qaydası”nda əksini tapıb.
Bəs bu qanun hərbçilərə hansı güzəştləri təqdim edəcək?
Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli News24.az-a bildirib ki, bu qayda xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən İpoteka Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir:
“Təbii ki, hərbçilərin və xüsusi dövlət qulluğunda olan hərbçilərin ipoteka kreditlərinin fazilərinin dövlət tərəfindən ödənilməsi çox müsbət bir haldır. Çünki onlar hər gün həyatları ilə dövlətimizi qoruyurlar. Sadəcə burda bir məsələ var ki, onlar üçün xüsusi binaların dövlət hesabına tikilməsi daha ucuz başa gələrdi, nəinki ipoteka kreditləri götürüb onun faizini də dövlət ödəsin banklara. Nəticə etibarilə həmin xüsusi təyinatlılarda xidmət etmək istəyən zabit heyyətinin sayı və keyfiyəti də xeyli artacaq”.
İqtisadçı qeyd edib ki, dövlətin bu hərbçilərə dəstəyi kredit götürərkən ilkin ödənəş və aylıq ödənişin bir hissəsinin ödənilməsindən ibarətdir. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə qəbul olan hərbçilər bu qanundan yararlana biləcək.
Aqil Qarayev