“Təhsil Liqası”na yekun vurulub - FOTO
    • 12-06-2019, 15:18
    • 1 230

“Təhsil Liqası”na yekun vurulub - FOTO

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

Bakı şəhər Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, 248 və 267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda U-8 liqası üzrə I yerə "Keşlə" Futbol Klubunun, II yerə "Sabah" Futbol Klubunun, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, U-9 liqası üzrə isə I yerə "Sabah" Futbol Klubunun, II yerə "Vətən" İdman Liseyinin ("Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin), III yerə "Keşlə" Futbol Klubunun komandaları layiq görülüb.

Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, 28 sentyabr 2018-ci il tarixindən keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından U-8 liqası üzrə 12, U-9 liqası üzrə 14 komanda qatılıb, ümumilikdə 314 oyun keçirilib.

Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılmasından ibarət olub.