-
- 12-09-2024, 09:18
- 265
Yaponiya Şimali Koreyaya etiraz notası VERDİ
Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb.
News24.az xəbər verir ki, Cənubi Koreyanın hərbi rəsmiləri bu addımı sərt şəkildə pisləyib və bunu “Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən açıq-aşkar təxribat” adlandırıblar.
Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı ən azı iki raketin təxminən 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığını bildirib.
Yaponiyanın baş naziri Fumio Kişida bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.
Cənubi Koreya, Yaponiya və ABŞ-ın nüvə nümayəndələri arasında telefon danışığı olub və bu raket buraxılışlarının Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin açıq şəkildə pozulması olduğunu vurğulayaraq, Şimali Koreyanın təxribatlarına qarşı əməkdaşlıq edəcəklərini bəyan ediblər.
Onu da qeyd edək ki, bu son raket sınağı Şimali Koreya lideri Kim Çen Inın “nüvə silahlarının istehsalını dəfələrlə artıracağına” və onları istənilən vaxt istifadəyə hazır vəziyyətə gətirəcəyinə söz verməsindən bir neçə gün sonraya təsadüf edir.
Günel Məlikzadə