Azərbaycanda əcnəbilərlə nikah qadağan olunur? - AÇIQLAMA
    • 12-09-2024, 14:45
    • 470

Azərbaycanda əcnəbilərlə nikah qadağan olunur? - AÇIQLAMA

Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir.

Bununla bağlı iyun ayında Ailə Məcəlləsinə dəyişiklik təklif olunub.

Sənəddə qeyd edilib ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

Bəs əcnəbilərlə nikah qadağan olunmalıdırmı?

Məsələ ilə bağlı News24.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, milliyətindən asılı olmayaraq insanlar bir-birlərini sevirlərsə, evlənə bilərlər.

O, ölkəmizdə minlərlə azərbaycanlı ailənin evlənib və 1 il ərzində də boşandığını bildirib:

"Amerikalı gəlir, azərbaycanlı qızla evlənir, 20 il yaşayırlar. Yaxud da bir ingilis qızını bir azərbaycanlı alır, 30 il yaşayırlar. Bu gün ölkəmizdə yüzlərlə əcnəbi ilə evlənən ailələr var. Əgər ailə həyatı sağlam qurulursa, normal ailədirlərsə, əcnəbi ilə nikah niyə qadağan edilsin?! Ümumiyyətlə bu, bir faşizmdir. Belə bir şeyi təşviq eləmək doğru deyil. İnsan kimi sevirsə, kiminlə uyum tapırsa, ailə həyatını, ailə sütunu onunla qursun. Buna kim qarışa bilər ki? Bu, tamamilə yanlış bir yanaşmadır və ümumiyyətlə qlobal dünyanın prinsiplərinə də ziddir".

Günel Məlikzadə