Səfər Mehdiyev BMQT-nin  Azərbaycandakı nümayəndəliyinin RƏHBƏRİ İLƏ GÖRÜŞÜB
    • 13-06-2019, 17:22
    • 936

Səfər Mehdiyev BMQT-nin Azərbaycandakı nümayəndəliyinin RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

İyunun 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev ilə görüşüb.

Görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində baş tutub.

DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfər Mehdiyev ölkədə hər bir sahədə olduğu kimi, dövlət miqrasiya siyasətinin də uğurla həyata keçirildiyini qeyd edərək Azərbaycan gömrük orqanlarının miqrasiya və sərhəd xidmətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və bu sıx əlaqələrin qanunsuz miqrasiya ilə mübarizə sahəsində müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev gömrük xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsindəki roluna toxunaraq gömrük orqanlarının bütövlükdə beynəlxalq təhlükəsizlik işinə mühüm töhfələr verdiyini vurğulayıb. Nümayəndəliyin rəhbəri Azərbaycanda miqrasiya sahəsində görülən proqressiv işlərin ümumi nəticələrindən danışıb, miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində keçirilən layihələrdə gömrük orqanlarının da iştirakının önəmini qeyd edib, bunun qarşılıqlı təcrübə mübadiləsinin daha da genişlənməsinə şərait yaradacağını bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.